REGİONLAR
Muxtar respublikanın torpaq sahələri elmi əsaslarla öyrənilir
Naxçıvan, 23 may, AZƏRTAC
Torpaq ehtiyatlarından səmərəli istifadə etmək üçün yeni metodların köməyi ilə muxtar respublikanın torpaqları elmi əsaslarla öyrənilməyə başlanılıb. Tədqiqat işi Naxçıvan ərazisində 550 min 275 hektar sahəni əhatə edir.
AZƏRTAC xəbər verir ki, AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclasında “Naxçıvan Muxtar Respublikası torpaqlarının tədqiqi və mədəni-təbii bitkilərə yararlı torpaqların qiymətləndirilməsi” mövzusunda elmi məruzə ilə çıxış edən bölmənin Bioresurslar İnstitutunun torpaq ehtiyatları laboratoriyasının rəhbəri Sahib Hacıyev bu barədə danışıb.
Sahib Hacıyev ölkədə aqrar sektoru inkişaf etdirmək məqsədilə irimiqyaslı dövlət proqramlarının həyata keçirildiyini, bir sıra vacib dövlət sənədlərinin imzalandığını qeyd edib. Torpaqların öyrənilməsi məqsədilə muxtar respublikada müəyyən edilən istiqamətlər üzrə 150-dən çox ekspedisiyanın təşkil olunduğunu diqqətə çatdıran məruzəçi Naxçıvanın təbii, xüsusilə mədəni bitkilərin inkişaf etdiyi yararlı torpaqlarının ümumi sahəsinin müəyyənləşdirildiyini, orta məhsuldarlığın və qiymət ballarının hesablandığını bildirib.
Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub və gələcəkdə aparılacaq tədqiqatların elmi səmərəliliyini yüksəltmək üçün laboratoriya rəhbərinə müvafiq tapşırıqlar verilib.
İclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələri”nin icrası ilə bağlı fəaliyyət proqramı barədə iştirakçılara məlumat verib.
İsmayıl Hacıyev bu il də muxtar respublikanın qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi, arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələrinin elmi cəhətdən təhlil olunması, qədim folklor nümunələrinin toplanması istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb. Bitki və heyvanlar aləminə aid zəngin materialların, faydalı bitkilərin müəyyənləşdirilməsinin, o cümlədən tədqiqat işlərinin nəticəsi olaraq ümumiləşdirici əsərlərin, mоnоqrafiyaların və kitabların hazırlanıb çap etdirilməsinin vacibliyindən danışıb. Akademik Naxçıvan ərazisində müvafiq elmi ekspedisiyaların təşkili və keçirilməsi ilə bağlı institut direktorlarına tapşırıqlar verib.
Daha sonra bölmənin şöbə və laboratoriyalarına alınan müasir cihaz və avadanlıqların vəziyyəti barədə elmi təşkilat şöbəsinin müdiri Orxan Bağırov çıxış edib.
Sonda cari məsələlər müzakirə olunub.