REGİONLAR


Muxtar respublikanın voleybol üzrə yığma komandasını təcrübəli məşqçi Aleksandr Çornı hazırlaşdıracaq

Naxçıvan, 27 yanvar, AZƏRTAC

Muxtar respublika idmançılarının fəaliyyətini və bacarıqlarını daha da təkmilləşdirmək məqsədi ilə təcrübəli və nüfuzlu məşqçilərin dəvət olunması, idmançılarla görüşlərinin keçirilməsi davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu işlər yanvarın 14-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə verilən tapşırıqlara əsasən aparılır.

Bu məqsədlə voleybol üzrə təcrübəli məşqçi-müəllim Aleksandr Çornı, idmançılar Aleksandr Vasilyev, Dmitri Baranov və Azərbaycan Respublikası Voleybol Federasiyasının idman şöbəsinin müdiri Elnur Məmmədov Naxçıvan Muxtar Respublikasına dəvət olunublar.

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində dəvət olunmuş məşqçi müəllim tərəfindən yerli idmançılara təlim-məşq toplanışı keçirilib. Daha sonra isə Naxçıvan Muxtar Respublika Stadionunda seminar təşkil olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının voleybol üzrə yığma komandasını bundan sonra təcrübəli məşqçi-müəllim Aleksandr Çornı hazırlaşdıracaq. 55 yaşlı baş məşqçinin zəngin idman karyerası var. 1961-ci ildə anadan olan Çornı idmançı kimi uzun müddət Moskva şəhərində fəaliyyət göstərən Mərkəzi Ordu İdman Klubunun şərəfini qoruyub, bu klubda 10 qat SSRİ çempionu, 4 qat SSRİ Kubokunun, 6 qat Avropa Çempionları Kubokunun sahibi, böyüklər arasında Avropa çempionu adını qazanıb. 1979-cu ildə SSRİ yığmasının heyətində gənclər arasında Avropa, iki il sonra isə dünya çempionu olub. Oyunçu karyerasını bitirəndən sonra məşqçiliyə başlayıb. Çornı 1995-ci ilə qədər Mərkəzi Ordu İdman Klubunun ikinci klubunun, bir il İtaliya A seriyasında “Padova”nın, 1996-2008 və 2009-2011-ci illərdə Novokuybışevskinin “Oktan” klubunun baş məşqçisi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.