QAN YADDAŞI
Muzey Mərkəzində 20 Yanvar faciəsi Qurbanlarına həsr olunmuş anım tədbiri keçiriləcək
Bakı, 13 yanvar, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Muzey Mərkəzi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə yanvarın 17-də “Unudulmayanlar” - 20 Yanvar faciəsi qurbanlarına həsr olunmuş anım tədbiri keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, anım tədbirində çıxışçılar 1990-cı il yanvarın 20-də törədilən hadisələr haqqında fikirlərini bölüşəcəklər. Tədbirdə, həmçinin Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanılan Azərbaycan rəssamlarının 20 Yanvar faciəsini əks etdirən əsərləri nümayiş olunacaq.
Qeyd edək ki, keçmiş Sovet imperiyasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulmuş, kütləvi terror nəticəsində 137 günahsız insan qətlə yetirilmiş və 700-dək insan yaralanmışdır. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olan 1990-cı il 20 Yanvar hadisələri bu gün şərəf və qəhrəmanlıq salnaməmizin yazıldığı tarix kimi qeyd edilir.