MƏDƏNİYYƏT
Muzey Mərkəzində toy şəkillərindən ibarət sərgi açılıb
Bakı, 13 fevral, AZƏRTAC
Muzey Mərkəzində Emin Məmmədovun çəkdiyi toy fotolarından ibarət “LovEmin” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və “İRƏLİ” İctimai Birliyinin köməyi ilə təşkil edilən sərgi 14 fevral - Sevgililər Gününə həsr olunub.
Ekspozisiyada 50 cütlüyün toy şəkilləri, el şənliklərinin xoşbəxt anlarını əks etdirən fotolar təqdim olunub.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova, Azərbaycan Fotoqraflar Birliyinin yaradıcısı Rafiq Qəmbərov və başqaları Emin Məmmədovu ilk fərdi sərgi münasibətilə təbrik edərək bildiriblər ki, belə ekspozisiya ölkədə birinci dəfədir ki, keçirilir.
Vurğulanılıb ki, Emin Məmmədovun “İnstagram” sosial şəbəkəsindəki rəsmi səhifəsində (@eminmamedovphotographer) abunəçilərin sərgidə nümayiş etdirmək üçün seçdikləri şəkillərin “Love story” müsabiqəsi elan edilib.
Maksimum “ürək” toplayan “Love story” cütlüyünə xüsusi mükafat – Dubaya iki nəfərlik yollayış təqdim edilib.
Sərgi çərçivəsində “Fashion Art Wedding Studio”nun “Aidem” toy libasları nümayiş etdirilib.