MƏDƏNİYYƏT
Muzey işçilərinin ümumrespublika müşavirəsi keçirilib
Bakı, 30 noyabr, Ceyhun Alışlı, AZƏRTAC
Noyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində muzey işçilərinin ümumrespublika müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə bu sahədə görülmüş işlər və gələcək planlar müzakirə olunub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək muzeylərin fəaliyyətinin müvafiq dövlət Proqramına uyğun olaraq daha da təkmilləşdirilməsi ilə yanaşı, bu istiqamətdə atılacaq addımların vacibliyinə toxunub. O, yerli tarixi-etnoqrafiya muzeylərinin sosial rolunun gücləndirilməsi, muzeylərin ekspozisiya-sərgi fəaliyyətində müasir standartların tətbiqi və muzey işçilərinin peşəkarlığının artırılmasının əhəmiyyətini vurğulayıb. Muzeylər arasında əməkdaşlıq və informasiya mübadiləsi, muzey işi sahəsində mütəxəssislərin hazırlanması və peşə etikası məsələlərinin daimi müzakirəsindən söz açan nazir, muzeylərin sosial rolunun gücləndirilməsinin əhəmiyyətindən danışıb.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva nazirliyin tabeliyində fəaliyyət göstərən muzey fondları barədə məlumat verib. Bildirilib ki, hazırda nazirliyin tabeliyində 200-dən çox muzey fəaliyyət göstərir. Ölkəmizdə milli mənəvi dəyərlərə, o cümlədən muzey işinə dövlət qayğısından söz açan nazir müavini, muzey işinin inkişafına ümummilli lider Heydər Əliyevin verdiyi töhfələrdən danışıb. Qeyd edib ki, xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə muzey işçilərinin respublika müşavirəsinin keçirildiyini diqqətə çatdıran nazir müavini, bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul olunduğunu vurğulayıb.
Bildirilib ki, Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında uğurla davam etdirilir.
Vurğulanıb ki, 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey - maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişi və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.
Daha sonra bu sahədə mövcud problemlər və atılacaq addımlar müzakirə olunub.