ELM VƏ TƏHSİL
Muzey məktəblərlə əlaqələrini genişləndirir
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “Muzey və məktəb: əməkdaşlıq yolları” layihəsi çərçivəsində Bakı şəhərinin kənd və qəsəbə məktəbləri direktorlarının iştirakı ilə “dəyirmi masa” keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə MATM-ın direktoru, akademik Nailə Vəlixanlı rəhbərlik etdiyi elm müəssisəsinin ümumtəhsil məktəbləri ilə əlaqələrindən danışıb. Qeyd olunub ki, məktəblilərin Azərbaycan tarixini ətraflı öyrənmələri üçün muzeyin ekspozisiyalarında ekskursiya keçmələri və açıq dərslərdə iştirak etmələri vacib amildir.
Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin sektor müdiri Almaz Əsgərova muzey ilə ümumtəhsil təhsil müəssisələri arasında əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb, gələcəkdə bu istiqamətdə nəzərdə tutulan layihələrlə bağlı fikirlərini bildirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Afiq Əzizov MATM-da məktəblilər üçün təşkil olunan tədbirlərin onların dünyagörüşünün inkişafında mühüm rol oynayacağına əminliyini bildirib.
Sonra muzey ilə məktəblər arasında əməkdaşlıqla barədə müzakirələr aparılıb.