ELM VƏ TƏHSİL
Muzeydə “Açıq qapı” günləri keçirilir
Bakı, 17 sentyabr, AZƏRTAC
Avropa qitəsində mədəni müxtəlifliyin təşviq edilməsi istiqamətində ölkəmiz “Avropa irs günləri” layihəsi üzrə bir sıra mühüm tədbirləri həyata keçirir.
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan “Avropa irs günləri” hər il sentyabrda qeyd olunur. Layihə maarifləndirici kampaniyalar, “Açıq qapı” günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında həyata keçirilir. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişinin təmin edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb olunması və milli mədəni irsin təbliğidir.
Bu kampaniya çərçivəsində muzeydə sentyabrın 16 və 17-də “Açıq qapı” günləri təşkil olunub. Ziyarətçilərə ödənişsiz giriş və ekskursiya imkanı yaradılıb.