MƏDƏNİYYƏT
Muzeydə “Açıq qapı” günü
Bakı, Z.Mansurova, AZƏRTAC
Sentyabrın 27-də Ü.Hacıbəylinin ev-muzeyində “Açıq qapı” günü keçirilib.
AZƏRTAC xəbər verir ki, Dünya Turizm gününə həsr edilmiş tədbirdə muzeyin şöbə müdiri Gülnarə Ələsgərova bu beynəlxalq bayramın 1979-cu ildə Madriddə təsis edildiyini bildirib. Natiq dünyada 30 ildən artıqdır ki, keçirilən tədbirin başlıca məqsədinin turizmin təbliği, müxtəlif ölkə xalqların arasında əlaqələrin inkişafına öz töhfəsini vermək olduğunu söyləyib.
Sonra iştirakçılar muzeyin ekspozisiyasında açılmış sərgi ilə tanış olublar.
Bildirib ki, Ü.Hacıbəylinin “Koroğlu” operası Türkiyədə Mersin Dövlət Opera və Balet Teatrının səhnəsində müvəffəqiyyətlə tamaşaya qoyulub. Həmçinin dahi bəstəkarın “Leyli və Məcnun” operası da Ankara Dövlət Opera və Balet Teatrında müvəffəqiyyətlə oynanılıb. Hər iki tamaşanın səhnə tərtibatını əslən Azərbaycandan olan professor Əflatun Nemətzadə verib.
Tədbirdə hər iki tamaşanı əks etdirən şəkillər nümayiş olunub. Həmçinin ziyarətçilərə ölməz bəstəkarın xatirə əşyaları, muzeyin ekspozisiyasında qorunan arxiv materialları haqqında məlumat verilib.
Tədbirdə elm, mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, bir sıra universitetlərin tələbələri və məktəblilər iştirak ediblər.
Sonda Ü.Hacıbəylinin əsərlərindən parçalar səsləndirilib.