MƏDƏNİYYƏT
Muzeydə “Art Expert – sizin inkişafınızın növbəti mərhələsi” mövzusunda ustad dərsi keçirilib
Bakı, 8 dekabr, Günel Məlikova, AZƏRTAC
Dekabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Art Expert – sizin inkişafınızın növbəti mərhələsi” mövzusunda ustad dərsi keçirilib.
AZƏRTAC xəbər verir ki, ustad dərsi UNİSER MMC-nin nəzdində ümumtəhsil orta məktəbi direktorunun İKT üzrə müavini Namiq Rüstəmov və Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən təşkil olunub.
N.Rüstəmov tədbirin mahiyyətindən danışaraq bildirib ki, incəsənətin bir sıra növlərinin öyrənilməsinə həsr olunan dərsin əsas məqsədi müxtəlif zamanlarda yaranmış sənət nümunələrinin tarixinə nəzər salmaq, onların yarandığı dövrün iqtisadi, siyasi vəziyyətini təhlil etməkdir.
Tədbirdə xüsusi dəvət olunmuş məruzəçi, sənətşünas-ekspert, ukraynalı rəssam Yuliya Tarasenko deyib ki, sənəti öyrənmək yalnız rəsmləri seyr edib kitab oxumaq deyil, həm də bizdən fərqli düşüncə tərzinə malik insanların dünyasını kəşf etməkdir. Dahilərin əldə etdikləri uğurlarla tanışlıq sizin sənət aləmindəki inkişafınıza müsbət təsir göstərə bilər.
Tədbir bədii hissə ilə davam etdirilib.