ELM VƏ TƏHSİL
Muzeydə “Azərbaycan Cümhuriyyəti. 1918-1920” bölməsinin açılışı olub
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “Azərbaycan Cümhuriyyəti. 1918-1920” bölməsinin yeni quruluşda açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından, fəaliyyətindən danışıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AXC-nin tariximizdəki müstəsna yeri və rolundan bəhs edib.
Müasir müstəqil respublikamızda qazanılan uğurlardan danışan alim, Azərbaycanın inkişaf etdiyini, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu diqqətə çatdırıb.
Tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi və digər alimlər də AXC barədə fikirlərini bildiriblər.
Sonra tədbir iştirakçıları bölmə ilə tanış olublar.
Bölmədə müsəlman Şərqində ilk demokratik respublikanı daha dolğun və ətraflı nümayiş etdirmək üçün əsaslı dəyişikliklər edilib. Bölmə iki otaqdan ibarətdir: “Azərbaycan Cümhuriyyətinin yaranması. Qafqaz İslam Ordusu” və “Azərbaycan Cümhuriyyətinin fəaliyyəti”.
Birinci otaqda müstəqilliyin elan edilməsi, Qafqaz İslam Ordusunun yaranması və fəaliyyəti, Azərbaycan Cümhuriyyəti hökumətinin Gəncə dövründə fəaliyyəti əks olunub. Burada dörd vitrində 60-dan artıq nadir tarixi eksponat, həmçinin manekenlər nümayiş olunur. Otaqda qurulmuş beş informasiya-məlumat panelində tarixi hadisələri əks etdirən məlumatlar, fotoşəkillər, xəritə və sxemlər verilib.
İkinci otaqda Azərbaycan Cümhuriyyəti Parlamentinin və hökumətinin fəaliyyəti, 1918-1920-ci illərin əvvəlində ölkə iqtisadiyyatı, mədəniyyəti, təhsilin inkişafı, ordu quruculuğu, xarici və daxili siyasət kimi məsələlər əksini tapıb. Burada səkkiz vitrində 90-dək tarixi eksponat nümayiş olunur. Həmçinin 24 informasiya-məlumat panelində Azərbaycan, rus və ingilis dillərində lazımi məlumatları əldə etmək mümkündür.
Beləliklə, bölmədə nümayiş olunan 150-dək eksponat, 100-dən artıq fotoşəkil, xəritələr, sxemlər sırasında Azərbaycanın İstiqlal Bəyannaməsinin 1919-cu ildə Parisdə göstərilmiş nüsxəsi, Qafqaz İslam Ordusunun azərbaycanlı və türk əsgər və zabitlərinin silah, ləvazimat, əşyaları, AXC liderlərinin şəxsi əşyaları, 1918-1920-ci illərdə Cümhuriyyətin parlament və hökumətinin qəbul etdiyi qərarlar və digər materiallar diqqəti daha çox cəlb edir.