ELM VƏ TƏHSİL
Muzeydə “Azərbaycan tarixində almanlar” adlı fotosərgi açılıb
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş “Azərbaycan tarixində almanlar” adlı fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” müvafiq Sərəncamının əhəmiyyətini vurğulayıb.
Alim, eyni zamanda, orta əsrlər dövründə Azərbaycanda olmuş alman səyyahları, XIX əsrdə almanların Azərbaycana köçürülməsi və onların həyatı haqqında ətraflı məlumat verib.
AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli XIX-XX əsrin əvvəllərində Azərbaycanda alman kaloniyalarının həyatından bəhs edib.
Fotosərgi barədə fikirlərini bildirən İ.Həbibbəyli onu yüksək dəyərləndirib və qeyd edib ki, bu sərgi geniş elmi-tədqiqatlar üçün çox zəngin materialdır.
Akademik Azərbaycan–Almaniya əlaqələrinin əhəmiyyətini də diqqətə çatdırıb.
Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.
Sərgidə XIX əsrdə almanların Azərbaycana köçürülməsini, onların həyat və məişətini əks etdirən 140-dək fotoşəkil, müxtəlif illərdə alman təşkilatlarının muzeyə hədiyyələri nümayiş etdirilir.