ELM VƏ TƏHSİL
Muzeydə “İslam Həmrəyliyi İli” çərçivəsində elmi-tədqiqatlar aparılacaq
25 yanvar, AZƏRTAC
Azərbaycanda tolerantlıq mühitinin təşəkkül tapmasında, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasında, islam dəyərlərinin təbliğində böyük şair və dramaturq Hüseyn Cavid yaradıcılığının mühüm rolu var. Bununla əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev-Muzeyində bu müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının rəhbərliyi ilə “İslam dini böyük dramaturq Hüseyn Cavidin ədəbi-bədii və fəlsəfi irsində” mövzusunda elmi-tədqiqat işlərinə başlanılıb.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, görkəmli maarifpərvər və mütəfəkkir Cavidin zəngin yaradıcılıq irsi müvafiq istiqamətdə geniş tədqiqat üçün əhəmiyyətli mənbə rolu oynayır. Elmi-tədqiqatların aparılması ilə yanaşı, yerli və beynəlxalq konfranslarda mövzu ilə bağlı çıxışlar və nüfuzlu elmi jurnallarda məqalələrin çap olunması nəzərdə tutulur.
Eyni zamanda, muzeydə, ümumi təhsil müəssisələrində, ali məktəblərdə Cavidin İslam dini ilə bağlı görüşləri geniş təbliğ olunacaq.