ELM VƏ TƏHSİL


Muzeydə “Reinkarnasiya – tarixi eksponatlar” sərgisi açılıb

Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Reinkarnasiya – tarixi eksponatlar” sərgisinin açılışı olub.

Muzeydə hazırlanmış “Reinkarnasiya – tarixi eksponatlar” sərgisi ilk mərhələsi Azərbaycan Milli İncəsənət Muzeyində reallaşdırılmış “Reinkarnasiya” layihəsinin davamıdır. Bu layihənin məqsədi Azərbaycanın müasir rəssamlarının mədəniyyətimizi və tariximizi necə görmələrini nümayiş etdirməkdir.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı sərgi ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş etdirilən tarixi eksponatlara gənc rəssam və heykəltəraşlar avanqard üslublu əsərlər vasitəsilə yenidən həyat veriblər. Məhz buna görə sərgi “Reinkarnasiya – tarixi eksponatlar” adlanır.

Sərgidə müxtəlif təsviri sənət və heykəltəraşlıq əsərləri yaratmış ayrı-ayrı rəssam və heykəltəraşların əl işləri təqdim edilir. Burada nümayiş etdirilən iyirmi tarixi eksponatı əsas götürərək rəssam və heykəltəraşlar iyirmi yeddi sənət əsəri yaradıblar.

Tarixi eksponatların müasir baxış kontekstində təqdim olunması onların xüsusiyyətlərini, tarixdə tutduğu yeri, bədii tərtibat səviyyəsini qabarıq göstərməyə imkan verir.

Sərgi iyunun 2-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.