ELM VƏ TƏHSİL
Muzeydə “Sonuncu ünvan...”
Bakı, 18 may, İ.Əsədov, AZƏRTAC
Mayın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində (MATM) bu qurumun və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə “1920-1950-ci illərdə repressiyalar” mövzusuna həsr olunmuş “Sonuncu ünvan…” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə MATM-ın direktoru, akademik Nailə Vəlixanlı tariximizin dərindən araşdırılmasının və öyrənilməsinin əhəmiyyətindən danışıb.
Alim, eyni zamanda, mövzu ilə bağlı fikirlərini bildirib.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova müasir dövrdə muzeylərin mühüm rolundan bəhs edib, Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyətinin, o cümlədən müəssisədə aparılan elmi-tədqiqatların əhəmiyyətini vurğulayıb.
Sonra tarix üzrə fəlsəfə doktoru Rafiq İsmayılovun “1930-1953-cü illərdə repressiyaya məruz qalan elm xadimləri” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə Hüseyn Cavidin Ev Muzeyinin hazırladığı qısametrajlı film, MATM-ın zəngin fondlarında mühafizə olunan materiallar əsasında fotoslayd göstərilib, böyük şair və dramaturq Hüseyn Cavidin oğlu, istedadlı bəstəkar Ərtoğrol Cavidin musiqiləri səsləndirilib.