ELM VƏ TƏHSİL
Muzeydə Ümummilli Liderin əziz xatirəsi anılıb
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib.
Əvvəlcə Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb. Bildirilib ki, Ulu Öndər bütün sahələr kimi elm, təhsil, ədəbiyyat sahələrinə də xüsusi önəm verirdi.
G.Babaxanlı müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin böyük şair və dramaturq Hüseyn Cavid irsinə daim yüksək diqqət göstərdiyini vurğulayıb. Qeyd edilib ki, uzaq Sibirdən Cavidin nəşinin doğma vətəni Azərbaycana gətirilməsi və doğulduğu Naxçıvan torpağında dəfn edilməsi, adının əbədiləşdirilməsi ulu öndər Heydər Əliyevin böyük ədibə diqqətinin nəticəsində mümkün olub.
Tədbirdə Hüseyn Cavid irsinə dahi rəhbər Heydər Əliyevin qayğısını əks etdirən fotoşəkil, kitab və disklərdən ibarət sərgi nümayiş olunub.