QAN YADDAŞI
Muzeydə soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüseyn Cavidin Ev Muzeyində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anma tədbiri keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm tədqiqat müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Azərbaycanlıların Soyqırımı Günü barədə iştirakçılara ətraflı məlumat verərək qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra erməni millətçilərinin iki əsr ərzində xalqımıza qarşı törətdikləri vəhşiliklərə obyektiv hüquqi-siyasi qiymət verilib. Ulu Öndər tarixi ədaləti bərpa edərək 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü elan edib.
G.Babaxanlı 1918-ci ilin martında daşnakların törətdikləri faciələr zamanı ölüm təhlükəsi ilə üz-üzə qalanlardan birinin də dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid olduğunu xatırladıb.
Muzeyin elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayeva bildirib ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 97 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb.
Sonda muzeyin ekspozisiyasında hazırlanan, 31 mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunan fotosərgi və slayd nümayiş etdirilib.