ELM VƏ TƏHSİL
Muzeyin kolleksiyasına milli geyim nümunəsi daxil edilib
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına milli geyim nümunəsi - çuxa daxil edilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, bu müəssisənin kolleksiyasına yeni daxil edilmiş çuxa (küləcə) tarixi və bədii əhəmiyyətinə görə çox qiymətlidir. XIX əsrin ortalarına aid çuxa qırmızı rəngli mahud parçadan tikilib. Yaxa kəsiyi, qolağzı və ətəyi təkəldüz tikmə üsulu ilə bəzədilib. Üzərində 1275-ci il hicri tarixi və “Maşallah, mübarək baxşət” sözləri yazılıb.
Qeyd edək ki, Azərbaycanın maddi mədəniyyətində geyimlər önəmli yer tutur. Tarixən geyimlərin zəngin çeşidi yaranıb, təkmilləşə-təkmilləşə günümüzədək gəlib çatıb. Bu gün dəb arenasını tərk edərək muzey eksponatlarına çevrilmiş geyimlər xalqımızın mədəni irsinin, dünyagörüşünün, zövqünün, eyni zamanda, etnogenezinin öyrənilməsində əhəmiyyətli rol oynayır.