DÜNYA
Myanmada təyyarə qəzasında həlak olan 10 nəfərin cəsədi aşkarlanıb
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 7-də Myanmanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Andaman dənizində qəzaya uğraması nəticəsində həlak olan 10 nəfərin cəsədi axtarış-xilasetmə əməliyyatı zamanı aşkarlanıb.
AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, hərbçilərin ailələrini Myanmanın cənubunda yerləşən Mıey şəhərindən Yanqona aparan Y-8 tipli dörd mühərrikli hərbi-nəqliyyat təyyarəsi yerli vaxtla günorta saatlarında Andaman dənizi üzərindən keçən zaman radarlardan itib. Elə həmin gün qəzanın baş verdiyi ərazidə aparılan axtarış-xilasetmə əməliyyatı nəticəsində təyyarənin qalıqları və 3 cəsəd aşkar edilib.
Qeyd edək ki, təyyarənin göyərtəsində 122 nəfər, o cümlədən 14 ekipaj üzvü, 35 hərbçi və 73 nəfər mülki şəxs olub. Həmçinin təyyarə 2,4 ton yük daşıyırmış.
Myanma hərbçilərinin məlumatına görə, təyyarə 2016-cı ildə Çin Xalq Respublikasından alınmışdı. Qəza baş verən gün meteoroloji vəziyyət mürəkkəb deyildi: xəfif yağış yağsa da, görmə məsafəsi yetərli idi.