DÜNYA
NƏCƏFDƏ DÖYÜŞLƏR YENİDƏN ŞİDDƏTLƏNİR
Nəcəfdə imam Əlinin məqbərəsi yaxınlığında “Mehdi ordusu”nun döyüşçüləri ilə İraq təhlükəsizlik qüvvələrinin kömək etdiyi ABŞ hərbçiləri arasında toqquşmalar avqustun 17-də yenidən başlanmışdır.
İraqın bir qrup siyasi və dini xadimi vasitəçilik etmək üçün Bağdaddan Nəcəfə getmişdir. Nümayəndə heyətinin səkkiz üzvünün hamısı bazar günü Bağdadda açılan ümumiraq milli konfransının iştirakçısıdır.
Gözlənildiyinə görə, paytaxt nümayəndələri imam Müqtəda əs-Sədr ilə görüşərək, onu “Mehdi ordusu”nun silahı yerə qoyması və üsyanın dayandırılması haqqında əmr verməyin vacibliyinə inandıra biləcəklər.
“Mehdi ordusu”nun başçısı isə Roma Papası II İoann Pavelə müraciət edərək, münaqişənin aradan qaldırılması prosesinə qatılmağa çağırmışdır. Bu müraciət düşmən tərəflər arasında danışıqlarda vasitəçi vəzifəsini yerinə yetirmək barədə Vatikanın bazar ertəsi irəli sürdüyü təşəbbüsə cavabdır. Müqtəda əs-Sədr bəyan etmişdir ki, o, BMT nümayəndələri tərəfindən irəli sürülən hər hansı sülh təşəbbüsünü alqışlayır.