MƏDƏNİYYƏT
NƏRİMAN NƏRİMANOVUN “SEÇİLMİŞ ƏSƏRLƏRİ”
Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı görkəmli ictimai-siyasi xadim, böyük ədib Nəriman Nərimanovun “Seçilmiş əsərləri”ni çapdan buraxmışdır. Kitabın redaktoru fəlsəfə elmləri doktoru Ramiz Mehdiyev, tərtibçisi və ön sözün müəllifi filologiya elmləri doktoru, professor Teymur Əhmədovdur.
Kitab Azərbaycan Prezidenti Heydər Əliyevin “Nəriman Nərimanovun əməkçi kütlələri maarifləndirmək əzmi, insanlara xidmət etmək kimi nəcib bir arzusu, hadisələri dərindən başa düşməsi, istedad və bacarığı onu Azərbaycan demokratik və ictimai-siyasi fikir nümayəndələrinin ön cərgəsinə çıxardı.
...Bizdən ötrü Mirzə Fətəli Axundov da, Əhməd bəy Ağayev də, Məmmədəmin Rəsulzadə də böyük şəxsiyyətlərdir, Nəriman Nərimanov da. Ancaq son zamanlar Nəriman Nərimanovdan başlayaraq Azərbaycanda bütün siyasi xadimlərin Azərbaycana düşmən olması barədə deyilən fikirlərlə heç cür razılaşmaq olmaz...
Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir... “ sözləri ilə açılır. Bu da təsadüfi deyildir və sitat xatirinə verilməmişdir. Son dövrdə xalqımızın bir çox görkəmli şəxsiyyətlərinə, o cümlədən N.Nərimanova qarşı əsassız hücumların olduğunu nəzərə alsaq, Azərbaycan Prezidentinin bu sözləri həmin şəxsiyyətləri qorumaq, müdafiə etmək üçün həqiqətən sipər rolunu oynayır və indiki mürəkkəb tarixi şəraitdə xüsusi ideoloji dəyəri və çəkisi olan siyasi proqramdır.
N.Nərimanovun “Seçilmiş əsərləri”nin sayca beşinci nəşri olan bu kitab T.Əhmədovun 1985-ci ildə tərtib etdiyi mətn əsasında hazırlanmışdır. Əvvəlki nəşrdə olduğu kimi, bu dəfə də kitaba böyük ədibin dram əsərləri, hekayələri, publisist, ədəbi-tənqidi məqalələri, felyetonları, müxtəlif məktubları daxil edilmişdir. Eyni zamanda, tərtibçi müstəqillik dövrünün imkanlarından istifadə edərək, N.Nərimanovun sovet hakimiyyəti illərində nəşri və təbliği məsləhət bilinməyən əsərlərini də - “Hacı Zeynalabdin Tağıyevin 50 illiyi” məqaləsini, Mərkəzi Komitəyə (“Ucqarlarda inqilabımızın tarixinə dair”), oğlu Nəcəfə, Leninə məktublarını da daxil etməklə kitabı xeyli zənginləşdirmişdir. Bunlarla tanışlıq geniş oxucu kütləsini bir daha əmin edəcək ki, N.Nərimanov vətəninin müstəqil dövlətçiliyi, xalqının azadlığı və firavanlığı, islam mədəniyyətinin və onun tərkib hissəsi olan Azərbaycan mədəniyyətinin inkişafı uğrunda ardıcıl mübarizə aparmış müdrik şəxsiyyət olmuşdur.
Kitabın sonunda ətraflı qeydlər və şərhlər, arxaik sözlərin lüğəti də verilmişdir.