SİYASƏT
NATO PA-nın 95-ci Rouz-Rout seminarının iştirakçılarına Ermənistanın növbəti hərbi təxribatı barədə məlumat verilib
Bakı, 5 iyul, AZƏRTAC
Xəbər verdiyimiz kimi, iyulun 3-də Kiyevdə NATO Parlament Assambleyasının 95-ci Rouz-Rout seminarı işinə başlayıb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ukrayna Ali Radası ilə birgə keçirilən “Təhlükəsiz, sabit Ukraynaya doğru və Qara Dəniz regionu” adlı bu tədbirdə iştirak edən Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov gündəlikdəki məsələlər ətrafında çıxışlar edərək, Qara Dəniz regionunda Azərbaycanın oynadığı vacib roldan söz açmış və auditoriyanın diqqətini regionun təhlükəsizliyinə ölkəmizin verdiyi sanballı töhfələrə çəkmiş, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin mahiyyətini bir daha tədbirdə səsləndiriblər.
İyulun 3-də Ukrayna Ali Radasında NATO-Ukrayna Xartiyasının 20 illiyi qeyd edilib.
Seminarda Azərbaycan parlament nümayəndə heyəti bəyanatla çıxış edərək iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Quliyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın vəhşicəsinə qətlə yetirilməsi barədə dəhşətli xəbəri Alyansa üzv olan ölkələrin, o cümlədən tərəfdaş dövlətlərin nümayəndə heyətlərinin diqqətinə çatdırıb.
Çıxışında Məlahət İbrahimqızı qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən yaşlı qadının və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması Ermənistan dövlətinin növbəti təxribatıdır. O bildirib ki, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi bütövlükdə Qara dəniz regionunun sabitlik və təhlükəsizlik arxitekturasına böyük töhfə olar.
Deputat qeyd edib ki, mülki əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumlar, dinc əhalinin, o cümlədən qocaların və uşaqların öldürülməsi insanlıq əleyhinə törədilmiş dəhşətli cinayətdir və beynəlxalq humanitar hüququn, insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyasının və ona 1 saylı Əlavənin, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin məşğul olduğunu deyən deputat münaqişənin sülh yolu ilə həllinə dair Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmasını xüsusilə vurğuladı və bir daha qeyd etdi ki, sülh danışıqlarını pozmaq üçün Ermənistan tərəfi mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atır. Lakin Azərbaycan hökuməti və xalqı münaqişənin sülh yolu ilə həllini istəyir.
Azərbaycan Respublikası dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi regionda gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir.