SİYASƏT
NATO PA-nın yaz sessiyası başa çatıb
Tbilisi, 29 may, AZƏRTAC
Mayın 29-da Tbilisidə NATO PA-nın yaz sessiyasının son iclası keçirilib.
Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri bu dəfə də, ölkəmizin sosial iqtisadi inkişafı, regionda reallaşdırdığı qlobal enerji və infrastruktur layihələri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, eləcə də qonşu Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması, bir milyondan çox qaçqın və məcburi köçkün problemi barədə ətraflı məlumat veriblər.
Assambleyanın yaz sessiyasının iclasında bu qurumun Siyasi, Müdafiə və Təhlükəsizlik, Elm və Texnologiyalar, İqtisadiyyat və Təhlükəsizlik komitələrinin iclaslarında müzakirə olunmuş məsələlərə də münasibət bildirilib, tövsiyə xarakterli qərarlar qəbul olunub.
İclasda gündəliyin əsas məsələsi, Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyası məsələsi də xüsusi müzakirə olunub.
Assambleyanın prezidenti Paolo Alli, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Baş nazir Georgi Kvirikaşvili, parlamentin sədri İrakli Kobaxidze və başqaları çıxış ediblər.
Çıxışlarda dövlətlərin ərazi bütövlüyündən, sərhədlərin toxunulmazlığından, Gürcüstan Silahlı Qüvvələrində, eləcə də bütövlükdə bu ölkədə həyata keçirilən islahatlardan danışılıb. Bildirilib ki, bu islahatlar Gürcüstanın NATO-ya inteqrasiyasında mühüm rol oynayır.
Sonda Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyasının dəstəkləyən bəyannamə qəbul olunub.
Bununla da NATO PA-nın yaz sessiyası öz işini başa çatdırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi