SİYASƏT


NATO Parlament Assambleyasının sessiyasında Ermənistanın təcavüzkar siyasətindən danışılıb VİDEO

A+ A

İstanbul, 19 noyabr, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə İstanbulda NATO Parlament Assambleyasının (PA) 62-ci sessiyası işə başlayıb.

Sessiyada ölkəmizi Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov daxildir.

Azərbaycan nümayəndə heyətinin üzvləri ayrı-ayrı iclaslarda iştirak ediblər.

Sessiyanın müdafiə və təhlükəsizlik komitəsinin iclasında çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, təcavüzkar Ermənistanın Azərbaycan ərazisinin 20 faizini hələ də işğal altında saxlaması, BMT Təhlükəsizlik Şurasının, o cümlədən digər beynəlxalq təşkilatların münaqişənin həlli və ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı qərar və qətnamələri, bir milyondan çox qaçqın və məcburi köçkünün öz ata-baba yurduna qayıda bilməməsi barədə məqamlara toxunub. NATO-nun bütün sammitlərində də Azərbaycanın ərazi bütövlüyünün tanındığını diqqətə çatdıran Ziyafət Əsgərov əminliklə bildirib ki, NATO PA-nın 62-ci sessiyasının qəbul edəcəyi qətnamədə Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə müvafiq müddəa əksini tapacaq.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə keçirilən siyasi komitənin iclasına Azərbaycan nümayəndə heyətindən Siyavuş Novruzov qatılıb.

Dünyada sülhün və sabitliyin bərqərar olunmasında, münaqişələrin qarşısının alınmasında, terrorla mübarizədə, qaçqın və köçkünlərin müvəqqəti məskunlaşdırılmasında Türkiyənin mövqeyini iştirakçılara çatdıran M.Çavuşoğlu təmsilçilərin suallarını cavablandırıb. Ermənistan nümayəndəsinin təxribat xarakterli sualına cavab verən nazir onu yalan danışmaqda ittiham edib.

Siyavuş Novruzov mövzu ətrafında, o cümlədən ASALA erməni terror təşkilatının Azərbaycanda və Türkiyədə çoxlu sayda terror aktı törətməsi, işğalçı Ermənistanın əsassız ərazi iddiaları və s. məsələlər barədə fikirlərini bildirib. Milli Məclisin komitə sədrinin terrorla mübarizədə NATO üzvlərinin Türkiyəyə hansı səviyyədə dəstək verməsi barədə sualına cavabında M.Çavuşoğlu saxta “erməni soyqırımı”, təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Xocalı soyqırımı, erməni terror təşkilatlarının türk diplomatlarına qarşı həyata keçirdikləri ağır terror aktları ilə bağlı həqiqətləri iştirakçılara çatdırıb. Nazir vurğulayıb ki, Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmayanadək Türkiyə təcavüzkar ölkə ilə əlaqələr qurmayacaq, o cümlədən sərhədlər açılmayacaq.

Dünyadakı ikili standartlar barədə danışan nazir Avropa ölkələrini Türkiyəyə münasibətdə üzərilərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə təqsirləndirib. Qeyd edib ki, cari il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhd məsələsində, həmçinin bu ölkədə terror aktları törədən qüvvələrlə mübarizədə Avropa ədalətli mövqe sərgiləmir. Türkiyənin Yaxın Şərq siyasətində dəyişiklik olmadığını qeyd edən nazir bildirib ki, bölgədə dayanıqlı sülhün əldə olunması bütün dünya üçün əhəmiyyətlidir. Bunun üçün ilk növbədə münaqişə bölgələrində atəşkəsə nail olmaq, maraqlı tərəflərin iştirakı ilə əsaslı qərarlar qəbul etmək lazımdır. Türkiyə bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasında maraqlıdır və buna nail olmaq üçün qətiyyətlidir.

Üç gün davam edəcək müzakirələrdə müasir dövrün ən aktual problemlərinə toxunulacaq, qurumun yaz sessiyasında müzakirə olunmuş məsələlərə bir daha diqqət yetiriləcək. O cümlədən terrorçuluğa qarşı mübarizədə Avratlantik imkanların və əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr aparılacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.