REGİONLAR
NAXÇIVANDA ARXEOLOJİ TƏHQİQAT İŞLƏRİNƏ YENİDƏN BAŞLANMIŞDIR
Yurdumuzun qədim tarixə malik guşələrindən olan Naxçıvan diyarı arxeoloji abidələrlə də zəngindir. Lakin keçid dövrünün iqtisadi çətinlikləri burada da təhqiqat işlərini davam etdirməyə imkan vermirdi. Lakin Azərbaycan Prezidenti Heydər Əliyev bu yaxınlarda muxtar respublikaya səfəri zamanı qədim diyarda arxeoloji tədqiqatların canlandırılmasını tövsiyə etmişdir. Bunu nəzərə alaraq, Azərbaycan MEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Naxçıvana böyük arxeoloji ekspedisiya göndərmişdir.
İnstitutun direktoru, tarix elmləri doktoru Arif Abbasov AZƏRTAC-ın müxbirinə demişdir ki, ekspedisiya əvvəlcə məşhur Gəmiqaya abidəsində qayaüstü təsvirlərin axtarışı və qazıntı işləri ilə məşğul olacaqdır. Bundan əlavə, ekspedisiyanın ayrı-ayrı dəstələri Ovçular dərəsi yaşayış yerində (Şərur rayonu), Sədərək qalasında, Babək rayonundakı Çalxanqala və Meydantənə, Culfa rayonundakı İlanlıdağ və Nurudərə abidələrində tədqiqatlar aparacaqdır.
Direktor həmçinin bildirmişdir ki, Azərbaycan Prezidentinin göstərişi ilə ekspedisiyadan əlavə, Naxçıvan diyarının qədim tarixi haqqında kitab, illüstrasiyalı “Gəmiqaya” kitab-albomu hazırlamaq üçün də vəsait ayrılmışdır.
“Naxçıvan Gəmiqaya” ekspedisiyası artıq işə başlamışdır. Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun MEA-nın müxbir üzvü İdeal Nərimanov, tarix elmləri doktoru Vəli Əliyev kimi tanınmış arxeoloqların daxil olduqları ekspedisiyanın üzvləri ilə görüşündə dövlətimizin başçısının Azərbaycanın qədim tarixinin yeni reallıqlar baxımından öyrənilməsinə xüsusi əhəmiyyət verdiyi, diqqət və qayğı göstərdiyi vurğulanmışdır.
Ali Məclisin sədri Gəmiqaya abidəsinin qorunması, onun açıq səma altında muzeyə çevrilməsi üçün görülən işlərdən də danışmışdır.
Muxtar Respublikanın əlaqədar orqanları arxeoloji ekspedisiyanın səmərəli işləməsi üçün hər cür şərait yaratmışlar.