İQTİSADİYYAT
NAXÇIVANDA SOYQIRIMI QURBANLARININ ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
İştirakçılar, əvvəlcə, şəhərdəki Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş mərd Vətən övladlarının məzarları üstünə və 1918-20-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvan əhalisinin köməyinə gəlib, burada şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə önünə tər çiçəklər düzmüşlər.
Sonra mərasim iştirakçıları 31 mart – Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş sərgilərə baxmışlar. AMEA Naxçıvan bölməsi, Məmməd Səid Ordubadi adına Naxçıvan Respublika Kitabxanası, Naxçıvan Dövlət Universiteti, muxtar respublika rəsm qalereyası və s. mədəniyyət, incəsənət və təhsil ocaqlarında təşkil olunan sərgilərdə nümayiş etdirilən elmi tədqiqat, ədəbi-bədii və rəsm əsərlərində soyqırımı tarixindən, müsibətlərimizin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində görülmüş işlərdən, ümummilli liderimiz Heydər Əliyevin soyqırımı ilə əlaqədar imzaladığı Fərmanın əhəmiyyətindən geniş bəhs olunur.
Daşnakların “böyük Ermənistan” yaratmaq xülyası və erməni kilsəsi və lobbisinin çirkin təbliğatı nəticəsində XIX-XX əsrlərdə xalqımızın başına gətirilən müsibətlər sərgilərdə nümayiş etdirilən kitab və jurnallarda konkret faktlarla açıqlanır. Soydaşlarımızın başına gətirilən faciələrin təsviri tamaşaçılarda bütün bəlalarımıza bais olan erməni millətçilərinə nifrət hissi oyadır.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 mart – Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Azərbaycan xalqına 28 mart 2006-cı il tarixli müraciəti səslənmişdir.