İQTİSADİYYAT
NAXÇIVANIN ENERJİ TƏCHİZATI YAXŞILAŞIR
“Azərenerji”nin prezidenti Etibar Pirverdiyevin başçılığı ilə bir qrup mütəxəssis sahənin müəssisələrində vəziyyətlə tanış olmaq üçün Naxçıvan Muxtar Respublikasına gəlmişdir.
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, E.Pirverdiyev Azərbaycanla enerji mübadiləsi haqqında danışıqlar aparmaq, bu istiqamətdə həyata keçirilən tədbirləri genişləndirmək və təkmilləşdirmək məqsədilə İran İslam Respublikasından gəlmiş səlahiyyətli nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə bildirilmişdir ki, Muxtar Respublika Ermənistan-Azərbaycan münaqişəsinin başlandığı vaxtdan, əslində, blokada vəziyyətindədir. Prezident Heydər Əliyevin dəfələrlə vurğuladığı kimi, Muxtar Respublikada yaşayan vətəndaşlarımızın lazım olan hər şeylə, o cümlədən də elektrik enerjisi ilə təmin edilməsi dövlətin, hər bir nazirliyin, baş idarənin öncül vəzifəsidir.
Son vaxtlar “Azərenerji” Naxçıvan MR-in enerji təchizatı məsələsində müəyyən işlər görmüşdür. Məsələn, İran və Türkiyə energetikləri ilə işgüzar əlaqələr yaradılmışdır. “Azərenerji”nin Mərkəzi Dispetçer İdarəsinin məlumatına görə, indi muxtar respublikada 130-150 meqavat elektrik enerjisi istiehlak təşkil edir. Onun 70-80 meqavatı İrandan gəlir. İrandan ixrac olunan elektrik enerjisinin həcminin artırılması hesabına ötən ildəkinə nisbətən onun miqdarı 50 faiz çoxalmışdır. Elektrik enerjisinin 40-50 meqavatı Türkiyədən alınır, 20 meqavatdan çoxunu isə “Araz” su elektirk stansiyası istehsal edir. Hazırda Naxçıvan MR-ın elektirk enerjisinə tələbatı 180-190 meqavat həcmindədir. Bunu tam ödəmək məqsədi ilə ölkə rəhbərliyi qonşu dövlətlərlə enerji mübadiləsi kvotasını artırmaq üçün lazımi tədbirlər görür.