REGİONLAR
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ QAZLA TƏCHİZATININ BƏRPA OLUNMASI ÜÇÜN LAYİHƏLƏR HAZIRLANIR
“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutunda Naxçıvan Muxtar Respublikasının təbii qazla təmin olunması üçün layihə-smeta sənədlərinin hazırlanmasına başlanmışdır.
İnstitutun bir qrup mütəxəssisi bu məqsədlə Muxtar Respublikada olmuş, yeni qaz xətlərinin çəkilməsi, təmir və bərpa işlərinin aparılması ilə əlaqədar mühəndis-axtarış işlərini başa çatdırmışdır.
Naxçıvan Muxtar Respublikasının və onun yaşayış məntəqələrinin qazlaşdırılması işləri üç mərhələdə aparılacaqdır. Birinci mərhələdə Araz çayından keçəcək yüksək təzyiqli Xoy-Culfa və Culfa-Cəhri magistral qaz kəmərləri çəkiləcəkdir. Culfa-Ordubad magistral qaz kəmərinin yararsız vəziyyətdə olan hissəsinin əsaslı təmiri də bu mərhələdə başa çatdırılacaqdır.
İkinci mərhələdə Naxçıvan şəhərinin, Şahbuz, Şərur, Sədərək, Babək, Culfa və Ordubad rayon mərkəzlərinin ötürücü və paylayıcı qaz kəmərlərinin yenidənqurma, təmir-bərpa işləri həyata keçiriləcəkdir.
Üçüncü mərhələdə isə Naxçıvan Muxtar Respublikasının kənd yaşayış məntəqələrinin ötürücü və paylayıcı kəmərlərinin bərpası işləri görüləcəkdir. Eyni zamanda, Naxçıvan şəhərinin, Muxtar Respublika rayonlarının qaz istismar idarələri inzibati binaları da əsaslı təmir olunacaqdır.
Layihə-smeta sənədləri mərhələlər üzrə hazırlanacaq və sifarişçiyə təhvil veriləcəkdir.