MƏDƏNİYYƏT
“NAXÇIVAN MUXTAR RESPUBLİKASI” KİTABI ÇAPDAN ÇIXMIŞDIR
Azərbaycan Milli Elmlər Akademiyasının “Eım” Redaksiya Nəşriyyat- Poliqrafiya Mərkəzi qədim və əbədi türk-Azərbaycan torpağı, bəşər sivilizasiyasının beşiklərindən biri, vaxtilə Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmış, çoxəsrlik milli dövlətçilik ənənələrinə malik Naxçıvan diyarına həsr olunmuş “Naxçıvan Muxtar Respublikası” kitabını çapdan buraxmışdır.
Kitabda Naxçıvanın tarixinə, diyarın təkrarolunmaz təbiətinə, iqtisadiyyatına, maddi mədəniyyətinə və memarlığına, müasir dövrdə burada maarif, elm və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına dair ətraflı məlumat verilir.
Xalqımızın böyük oğlu, zəmanəmizin görkəmli dövlət və siyasi xadimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 30 ildə, xüsusilə onun bilavasitə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə muxtar respublikada həyata keçirilmiş böyük siyasi, iqtisadi, sosial-mədəni quruculuq və bərpa işlərindən kitabda geniş bəhs olunur. Oxucular kitabda muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri, habelə respublikanın bütün 6 inzibati rayonu haqqında da məlumat ala biləcəklər.
Kitabda əzəli Azərbaycan torpaqlarına, o cümlədən Naxçıvana qarşı əsassız ərazi iddiaları irəli sürən, sərsəm “Böyük Ermənistan” xülyaları ilə yaşayan, bu məkirli niyyətlərini həyata keçirmək üçün ən iyrənc üsullara, hərbi təcavüzə əl atmaqdan belə çəkinməyən şovinist erməni qəsbkarlarına təkzibolunmaz elmi dəlillərə və faktlara əsaslanan tutarlı cavab verilir, Naxçıvanın Azərbaycan Respublikasının tərkibində muxtar dövlət statusunun beynəlxalq müqavilələrlə qəti şəkildə təsbit olunduğu xüsusi vurğulanır.
Nəfis bədii tərtibatda və yüksək poliqrafik səviyyədə nəşr olunmuş kitabda qədim diyarın əsrarəngiz təbiətini, tarixini, maddi mədəniyyət və memarlıq abidələrini, şəhər və kəndlərinin müasir simasını, iqtisadiyyat və mədəniyyətini əks etdirən çoxlu fotoşəkillər də verilmişdir.
Kitabda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” 1999-cu il 12 fevral tarixli Sərəncamına əsasən MEA-nın Rəyasət heyəti nəzdində yaradılmış qurumun çapa hazırlanan “Naxçıvan ensiklopediyası”nın materiallarından istifadə olunmuşdur. Akademik Cəmil Quliyevin redaktorluğu ilə nəşr edilən kitab qurumun əməkdaşları Tofiq Babayev, Azər Bağırov, Kamil Muxtarov və Nailə Rzayeva tərəfindən hazırlanmışdır.