SİYASƏT
NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Avqustun 8-də baş nazir Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Belarusun baş naziri Vladimir Yermoşini qəbul etmişdir.
Azərbaycan hökumətinin başçısı qonağı səmimiyyətlə salamlayaraq dedi ki, çoxdan bəri ölkəmizdə Belarusa və belarus xalqına qarşı ən xoş münasibət təşəkkül tapmışdır. Biz sizin səfərinizi siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə münasibətlərimizin inkişafının bir mərhələsi kimi qiymətləndiririk. Yeni şəraitdə iqtisadi münasibətlərimizi inkişaf etdirmək nazirlər kabinetlərinin üzərinə düşür.
Artur Rasizadə ölkələlərimiz arasında iqtisadi münasibətlərin səviyyəsini qiymətləndirərək, təəssüflə vurğuladı ki, bu münasibətlər yüksək səviyyədə deyildir, halbuki onların inkişafı üçün potensial imkanlar mövcuddur. Yaxın vaxtlarda birgə iqtisadi kommisiyalar yaradılması yolu ilə sənayenin ənənəvi sahələrində əlaqələri qaydaya salmaq mümkün olacaqdır.
Azərbaycanın baş naziri ölkəmizin iqtisadi vəziyyətindən söz açaraq nəzərə çarpdırdı ki, müstəqilliyin ilk illərində istehsalın, ümumi daxili məhsulun həcmi hər il 20-25 faiz azalırdı, inflyasiya 1400-1600 faiz təşkil edirdi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi vəziyyəti sabitləşdirmək və islahatlar aparılmasına başlamaq mümkün oldu. 1996-cı ildən bəri iqtisadiyyatda artım meyli müşahidə edilir. Xəzər dənizinin Azərbaycan sektorunda bir çox neft yataqları aşkara çıxarılıb və biz bu yataqların işlənilməsi üçün xarici neft şirkətləri ilə 21 müqavilə imzalanmışdır. Bütün müqavilələrin gercəkləşdirilməsinə 60 milyard ABŞ dolları məbləğində sərmayə yönəldiləcəkdir. Bu günədək 15 milyon ton neft çıxarılmışdır.
Vladimir Yermoşin səmimi qəbula görə təşəkkür edərək dedi ki, Belarusun hökumət nümayəndə heyətinin səfəri ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafı üçün yeni təməl olacaqdır. Sovet İttifaqı dağıldıqdan sonra MDB ölkələrinin hökumətləri qarşısında yeni bazar münasibətləri şəraitində təsərrüfat əlaqələrini bərpa etmək fəzifələri durmuşdur.
Vladimir Yermoşin Belarusun ölkəmizlə iqtisadi əlaqələrinin möhkəmləndirilməsindən danışaraq bildirdi ki, ticarət münasibətlərinin inkişafı üçün böyük imkanlar var. Kənd təsərrüfatı texnikasının çox böyük istehsalçısı olan Belarus Azərbaycana kənd təsərrüfatı maşınları göndərə, bunun müqabilində isə ondan neft məhsulları ala bilər. Belarusda fəaliyyət göstərən iki iri neftayırma müəssisəsi və kimya zavodları neftkimyası sahəsində iqtisadi münasibətləri inkişaf etdirməyə imkan verir. Bundan əlavə, maşınqayırma və cihazqayırma sahələrində ticarət-iqtisadi münasibətləri inkişaf etdirmək imkanı da mövcuddur.
Tərəflər belə bir ümumi rəyə gəldilər ki, iki ölkənin baş nazirlərinin bu gün imzalayacaqları 6 iqtisadi saziş iqtisadi münasibətlərin daha dinamik inkişafına təkan verəcəkdir.
Qəbulda Azərbaycan baş nazirinin birinci müavini Abbas Abbasov, iqtisadi inkişaf naziri Fərhad Əliyev, təhsil naziri Misir Mərdanov, maliyyə naziri Əvəz Ələkbərov, Bakı şəhəri icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov,Belarus nümayəndə heyətinin üzvləri iştirak edirdilər.