SİYASƏT
NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Sentyabrın 12-də baş nazir Artur Rasizadə Rusiya Federasiyasının Sverdlovsk vilayəti hökumətinin sədri Aleksey Vorobyov başda olmaqla nümayəndə heyətini qəbul etmişdir.
Artur Rasizadə qonaqları səmimiyyətlə salamlayaraq, ölkəmizin hökumət nümayəndə heyətinin Yekaterinburqa bu yaxınlardakı səfərini və keçirdiyi səmərəli görüşləri, Azərbaycan və Sverdlovsk vilayəti hökumətləri arasında ticarət-iqtisadi, elmi və mədəni əməkdaşlıq haqqında sazişə dair protokol imzalandığını xatırlatdı. O, indiki səfəri Azərbaycan ilə Rusiya, o cümlədən Sverdlovsk vilayəti arasında yaranmış xoş, işgüzar və qarşılıqlı surətdə faydalı münasibətlərin təzahürü kimi qiymətləndirdi. Baş nazir xüsusi vurğuladı ki, Rusiya Prezidenti Vladimir Putinin 2001-ci ilin yanvarında Bakıya rəsmi səfərindən və Azərbaycan Prezidenti Heydər Əliyevin 2002-ci ilin yanvarında Moskvaya dövlət səfərindən sonra münasibətlərimiz daha intensiv inkişaf etməyə başlamış və strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır.
Artur Rasizadə Azərbaycanın hökumət nümayəndə heyətinin səfərindən sonra ötən qısa müddətdə müəyyən iş görüldüyündən məmnun olduğunu bildirərək dedi ki, bu gün “Ural” və Boru-Metallurgiya şirkətinin ticarət evlərinin açılması üçün tədbirlər keçiriləcəkdir.
Sverdlovsk vilayəti hökumətinin sədri Aleksey Vorobyov iri şirkətlərin və sənaye müəssisələri rəhbərlərinin daxil olduğu nümayəndə heyətini təqdim etdi. O dedi ki, Bakıya səfərdən məqsəd bu yaxınlarda imzalanmış protokolun uğurla yerinə yetirilməsini təmin etməkdən ibarətdir.
Aleksey Vorobyov vilayət rəhbərliyinin Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq etmək niyyətindən söz açaraq bildirdi ki, artıq konkret nəticələr var. Cari ilin birinci yarısında Sverdlovsk vilayəti ilə Azərbaycan arasında əmtəə dövriyyəsi ötən ilin müvafiq dövründəkinə nisbətən beş dəfə artmışdır. Onun fikrincə, qarşılıqlı münasibətlərin perspektivləri yaxşıdır, çünki buna hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi var.
Görüşdə qarşılıqlı surətdə faydalı iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələləri barədə geniş fikir mübadiləsi oldu.
Qəbulda baş nazirin birinci müavini Abbas Abbasov, Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov iştirak edirdilər.