SİYASƏT
NAZİRLƏR KABİNETİ MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Yanvarın 25-də baş nazir Artur Rasizadə iqtisadi islahatlar və əməkdaşlıq üzrə ABŞ-Azərbaycan hökumətlərarası işçi qrupunun növbəti iclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş ABŞ nümayəndə heyətini qəbul etmişdir.
İşçi qrupunun Amerika tərəfindən rəhbəri, dövlət departamentinin Avropa və Orta Asiya ölkələri üzrə əlaqələndiricisi Uilyam Teylor Bakıda keçirilən iclas barədə ətraflı məlumat verdi. O dedi ki, iclas zamanı ölkələrimiz arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri ətraflı müzakirə olunmuş, bunun üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi vurğulanmışdır. Cənab Teylor məmnunluqla bildirdi ki, son illər dünya iqtisadi sisteminə inteqrasiya istiqamətində uğurla irəliləyən Azərbaycan Respublikasında bazar iqtisadiyyatının prinsiplərinə müvafiq islahatlar aparılır, demokratik təsisatlar yaradılmasının tezliklə başa çatdırılması üçün bütün lazımi tədbirlər görülür. Qonaq əmin olduğunu söylədi ki, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı münasibətlər hər iki tərəfin mənafeyinə uyğun olaraq bundan sonra daha sürətlə inkişaf edəcəkdir.
Baş nazir Artur Rasizadə dedi ki, 907-ci düzəlişin aradan qaldırılmasından sonra ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük perspektivlər açılacaqdır. Azərbaycan tərəfinin ABŞ-la münasibətlərin daha da möhkəmləndirilməsində maraqlı olduğunu vurğulayan baş nazir ölkəmizdə neft sənayesi ilə yanaşı, qeyri-neft sektoruna sərmayə qoyuluşu, infrastrukturun yenidən qurulması, kənd təsərrüfatı, maşınqayırma, neft kimyası, elm, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə birgə əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirdi. Bu baxımdan hökumətlərarası işçi qrupunun böyük əhəmiyyətini vurğulayan Artur Rasizadə onlara öz işlərində müvəffəqiyyətlər arzuladı.
Görüşdə iqtisadi-ticarət və humanitar sahələrə dair bir sıra digər məsələlər ətrafında da müzakirələr oldu.
Azərbaycanın maliyyə naziri Əvəz Ələkbərov və ABŞ-ın ölkəmizdəki səfiri Ross Uilson görüşdə iştirak edirdilər.