SİYASƏT
NAZİRLƏR KABİNETİ MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
29-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının növbəti iclasında iştirak etmək üçün Bakıya gəlmiş Ukrayna Baş nazirinin birinci müavini Oleq Dubinanın rəhbərliyi ilə nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycanın Ukrayna ilə yaxın dostluq və əməkdaşlıq əlaqələrinə xüsusi əhəmiyyət verdiyini vurğulayan Baş nazir Artur Rasizadə bu əlaqələrin inkişafı üçün böyük potensialın mövcudluğunu nəzərə alaraq, iqtisadi əməkdaşlığın daha da intensivləşdirilməsinin zəruri olduğunu bildirdi.
Cənab Dubina ölkəmizdə səmimi qarşılandıqlarına və komissiyanın iclasının yüksək səviyyədə təşkil olunduğuna görə Ukrayna nümayəndə heyəti adından Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirdi. Sonra Hökumətlərarası komissiyanın iclası barədə Azərbaycanın Baş nazirinə məlumat verən qonaq qeyd etdi ki, azərbaycanlı həmkarları ilə birgə iqtisadi əməkdaşlığın mühüm aspektləri ətraflı müzakirə edilmiş, bir sıra sənədlər imzalanmışdır.
Qəbulda Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinin daha da genişləndirilməsi baxımından tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparıldı.