SİYASƏT
NAZİRLƏR KABİNETİ MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Avqustun 30-da Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə İran İslam Respublikasının Ticarət-Sənaye-Mədən Palatasının sədri Seyid Əli-Nağı Xamuşinin rəhbərliyi ilə nümayəndə heyətini qəbul etmişdir.
Baş nazir Artur Rasizadə bu ilin may ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İrana rəsmi səfərindən sonra ölkələrimiz arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayaraq, bir çox sahələrdə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu nəzərə çatdırdı. O qeyd etdi ki, bu əməkdaşlıq çərçivəsində Ticarət-Sənaye-Palatasının rəhbərliyi ilə İranlı iş adamlarından ibarət böyük bir nümayəndə heyətinin Azərbaycana gəlişi, Bakıda Azərbaycan-İran Biznes Forumunun keçirilməsi böyük əhəmiyyət kəsb edir. Sonra respublikada aparılan iqtisadi islahatlardan danışan baş nazir, eyni zamanda iqtisadiyyata təsir göstərən amillərə toxunaraq Ermənistanın hərbi təcavüzünün ağır nəticələrini xatırlatdı. O, xüsusi olaraq qeyd etdi ki, ərazilərimizin işğalından sonra blokada şəraitində qalmış Naxçıvan elektrik enerjisi və qazla təchizatında İranın göstərdiyi yardımlar Azərbaycan hökuməti tərəfindən yüksək qiymətləndirilir.
Qəbula görə respublikamızın baş nazirinə təşəkkürünü bildirən cənab Xamuşi ölkəmizə səfərindən və xüsusən son illər müstəqil Azərbaycan Respublikasının necə böyük inkişaf yolu keçdiyini bilavasitə müşahidə etmək imkanı qazandığından xeyli məmnun olduğunu vurğuladı. Azərbaycan-İran Biznes Forumunun gedişi barədə baş nazirə ətraflı məlumat verən qonaq bildirdi ki, belə tədbirlər hər iki dövlət arasında səmərəli işgüzar əlaqələrin inkişafına təkan verir. İranlı iş adamlarının Azərbaycanla yeyinti, emal, yüngül sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələr üzrə əməkdaşlıq etmək niyyətində olduğunu xatırladan cənab Xamuşi iqtisadi - ticarət əlaqələrinin daha da dərinləşdirilməsi barədə mülahizələrini söylədi.
Baş nazir Artur Rasizadə İranla iqtisadi-ticarət əməkdaşlığının daha səmərəli təşkil edilməsi üçün müvafiq tapşırıqlar verəcəyini qonağın nəzərinə çatdırdı.
Qəbul zamanı tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi oldu.