REGİONLAR
NDU-da hamiliyə götürülmüş ekologiya və coğrafiya müəllimliyi ixtisaslarında təhsil alan tələbələrlə görüş olub
Naxçıvan, 7 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırladığı tədbirlər planı çərçivəsində nazirliyin əməkdaşları Naxçıvan Dövlət Universitetinin (NDU) ekologiya və coğrafiya müəllimliyi ixtisaslarında təhsil alan tələbələrlə görüş keçirib.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetin coğrafiya kafedrasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Nazim Bababəyli çıxışında “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın Azərbaycan təhsil tarixindəki mühüm əhəmiyyətindən bəhs edib və sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırıb.
“Naxçıvan təbiət muzeyidir”, - deyən Nazim Bababəyli Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikanın coğrafiyası, qədim tarixi barədə danışıb, təbii sərvətlərdən düzgün faydalanmağın əhəmiyyətindən bəhs edib. Alim Rusiyada çapdan çıxmış “Coğrafiya Ensiklopediyası”nda qədim diyar barədə yazılan fikirləri diqqətə çatdırıb. Burada deyilir ki, Naxçıvan MDB məkanında mövcud olan ən qədim şəhərdir və bu, məhz muxtar respublikanın zəngin təbii sərvətlərinin olması ilə əlaqədardır. Naxçıvanda ekoloji gərginlik yox dərəcəsindədir. Bu da həmin sahəyə göstərilən diqqətin nəticəsidir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İstehsalın təşkili və planlaşdırılması şöbəsinin müdiri Mayis Əliyev, Bioloji mühit və təbii sərvətlərdən istifadənin tənzimlənməsi şöbəsinin müdiri Qadir Quliyev, nazirliyin baş məsləhətçisi Kamran Əliyev çıxış edərək bildiriblər ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır. Nazirliyin əməkdaşları muxtar respublikada əlverişli ekoloji mühitin yaradılması sahəsində ardıcıl tədbirlər görüldüyünü, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsinin və ətraf mühitin birgə mühafizəsinə cəlb olunmasının diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıblar.
“Tələbələrin gələcəyin peşəkar geoloqu, ekoloqu, hidroloqu, metroloqu, landşaftşünası kimi formalaşmasında, ixtisaslı məzunların işlə təmin olunmasında sərəncamın çox böyük tarixi əhəmiyyəti var və bu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun gənclərə göstərdiyi qayğının bariz nümunəsidir”, - deyən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin müdiri Əli Vəliyev yeraltı və yerüstü sərvətlərlə zəngin olan Naxçıvan diyarının geoloji cəhətdən daha ətraflı öyrənilməsinin vacibliyini qeyd edib.
Görüşdə Nazim Bababəyli coğrafiya ixtisasında təhsil alan tələbələrin çöl təcrübələrinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq şöbə və əməkdaşları ilə birlikdə aparılması təklifi ilə çıxış edib və təklif müsbət qarşılanıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.