REGİONLAR
NDU-da yeni tədris ilinin başlaması münasibətilə yığıncaq keçirilib
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbir universitet televiziyasının hazırladığı və bu ali təhsil müəssisəsinin tarixi inkişaf yolunu əks etdirən filmin nümayişi ilə başlayıb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamı, Azərbaycanda aparılan çoxsaylı təhsil islahatları NDU-da da öz müsbət nəticələrini verməkdədir.
Vurğulanıb ki, universitetin 108 hektarlıq ərazisində tikilən, əsaslı təmir olunaraq istifadəyə verilən tədris korpusları, tələbə sosial xidmət mərkəzi, tələbə evi, qonaq evi, idman meydançaları ölkədə və Naxçıvan Muxtar Respublikasında təhsilə, kadr hazırlığına göstərilən yüksək qayğının təzahürüdür. Bundan başqa, baytarlıq ixtisası üçün nəzərdə tutulan yeni tədris korpusu, tibb fakültəsinin kliniki xəstəxanasının yeni binası tezliklə ən müasir avadanlıqlarla təchiz olunaraq istifadəyə veriləcək ki, bu da universitetin maddi-texniki bazasının gücləndirilməsinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Qeyq olunub ki, NDU bir çox beynəlxalq layihələrdə uğurla iştirak edir. Burada ali təhsil alan xarici ölkə vətəndaşlarının sayı artmaqdadır. Baloniya sisteminin tam tətbiqinə nail olunması, elektron universitet quruculuğu, distant tədrisin tətbiqi istiqamətində də əhəmiyyətli uğurlar qazanılıb. Bu uğurlar ali məktəbin reytinqinin artmasına səbəb olub. Təsadüfi deyil ki, bu il 938 bakalavr, 107 magistr, o cümlədən 35 nəfər 600-dən yuxarı bal toplayan tələbə ali təhsil almaq üçün NDU-nu seçib.
S. Məhərrəmov ali məktəbə qəbul olunan tələbələri bir daha təbrik edərək çoxsaylı universitet kollektivinə yeni tədris ilində uğurlar diləyib.
Yığıncaqda NDU-nun tibb fakültəsinin müalicə işi ixtisası üzrə I kurs tələbəsi, Prezident təqaüdçüsü Amil Qasımov, sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasına qəbul olmuş Aynur Cəfərova və digər qabaqcıl tələbələr çıxış edərək, Azərbaycanda elmin, təhsilin uğurlu inkişaf strategiyasından danışıblar. Təhsildə yaradılan yüksək şəraitə, hərtərəfli dövlət qayğısına görə minnətdarlıq ediblər.
Sonda 600-dən yuxarı balla universitetə qəbul olunmuş tələbələrə tələbə bileti və qiymət kitabçası, “Naxçıvan Ensiklopediyası” kitabı təqdim olunub.