ELM VƏ TƏHSİL
NDU ilə Alman Akademik Mübadilə Xidməti arasında əməkdaşlıq davam edir
Naxçıvan, 27 may, AZƏRTAC
Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin direktoru xanım Stefanie Dufaux və təşkilatda dil assistenti çalışan xanım Kristina Nefger Naxçıvan Dövlət Universitetində (NDU) olublar.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali məktəbin strukturu, buradakı kadr hazırlığı barədə qonağa ətraflı məlumat verib.
Qeyd olunub ki, bu ali məktəb dünyanın 12 ölkəsinin 80-dən çox tanınmış universiteti ilə əməkdaşlıq edir, bir sıra beynəlxalq layihələrdə uğurla təmsil olunur. Tələbə mobilliyinin təmini nəticəsində universitetin bakalavr və doktorantları təhsillərini Türkiyə, Rusiya, Gürcüstan, Cənubi Koreya, Rumıniya, Çexiya kimi ölkələrin ali məktəblərində davam etdirirlər. “ERASMUS MUNDUS” layihəsi çərçivəsində 2 nəfər İspaniyanın Santyago de Kompostela Universitetində, 1 nəfər isə İtaliyanın Tuskua Universitetində doktorantura təhsili alıb. Növbəti tədris ilində isə daha 6 nəfər bu layihə çərçivəsində xaricdə ali təhsil alacaq. Universitet ilə DAAD arasında təhsil sahəsində sıx əməkdaşlıq isə ölkələrimizin mədəni və humanitar əməkdaşlığının tərkib hissəsidir.
DAAD-ın Bakı Məlumat Mərkəzinin direktoru Stefanie Dufaux təşkilat haqqında ətraflı məlumat verərək bildirib ki, 90 yaşlı bu təşkilat təxminən 300 alman ali məktəbinin birgə qurumu və beynəlxalq əməkdaşlıq sahəsində ən böyük maliyyələşdirici qeyri-dövlət təşkilatıdır.
Görüşdə tələbə mobilliyinin yerinə yetirilməsi ilə bağlı təkliflər müzakirə olunub. Qonaqlar universiteti gəzərək İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində quraşdırılan server avadanlıqları, elektron mühafizə və müşahidə sistemləri ilə maraqlanıblar.