REGİONLAR
NDU-nun əməkdaşları Çexiyada keçirilən təlim-seminarda iştirak ediblər
Naxçıvan, 28 noyabr, AZƏRTAC
“Erasmus+” beynəlxalq mobillik layihəsi çərçivəsində Naxçıvan Dövlət Universiteti (NDU) ilə Çexiya Respublikasının Olomouç şəhərinin KARİTAS (CARITAS – College of Social Work Olomouc) kolleci arasında əməkdaşlıq uğurla davam etdirilir. Bu çərçivədə NDU-nun nümayəndə heyəti Olomouç şəhərində keçirilən humanitar təlim-seminarda iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, Hindistan, Moldova, Şri-Lanka, Meksika kimi ölkələrin ali təhsil müəssisələrinin alimlərinin iştirak etdiyi təlim-seminarın əsas məqsədi tərəfdaş ölkələr arasında sosial və humanitar məsələlərlə bağlı bilik və təcrübə mübadiləsi aparmaqdır.
KARİTAS kollecində təşkil edilən ongünlük təlim-seminarda əvvəlcə kollecin rəhbərliyi və heyəti ilə görüş keçirilib, qonaqlara Çexiya Respublikasının ali təhsil sistemi, təhsilin pillələri və kollec haqında məlumat verilib. Təlim-seminarda tərəfdaş ölkələrin təhsil sistemləri barədə məlumat verilib, sosial-humanitar məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
NDU-nun tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədov “Donmuş münaqişələrlə bağlı humanitar və sosial işçilər üçün çağırış: Dağlıq Qarabağ kontekstində” mövzusunda məruzə edib, sualları cavablandırıb. Təqdimat zamanı məruzəçi, dünyadakı münaqişələrin tarixi kökləri, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, Ermənistanın deportasiya, soyqırımı, terror siyasəti barədə danışıb, torpaqlarımızın 20 faizinin işğal altında olduğunu, bu səbəbdən qaçqın və məcburi köçkün düşən azərbaycanlıların problemləri, həmin problemlərin həlli istiqamətində Azərbaycan dövlətinin gördüyü işlər barədə məlumat verib. Tarixi faktlar əsasında, müxtəlif elmi mənbələrə istinad edilərək hazırlanan məruzə böyük maraqla qarşılanıb.
NDU-nun İngilis dili və metodika kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mirhəsən Eminov video və slaydlardan istifadə edərək, Naxçıvan Muxtar Respublikası və NDU haqqında ətraflı məlumat verib.
Tədbir iştirakçıları Olomouç şəhərinin bələdiyyə başçısı ilə də görüşüblər.
Qeyd edək ki, 2016-cı ilin sentyabr ayında KARİTAS kollecinin iki müəllimi - Tereza Malokova və Lenka Gaaman NDU-da olub, müəllim və tələbələr ilə görüşüblər.