CƏMİYYƏT
NEFT AKADEMİYASINDA ŞƏHİDLƏRİN XATİRƏSİ YAD EDİLDİ
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) yanvar fəciəsinin 12-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir. Mərasim iştirakçıları ölkəmizin azadlığı və müstəqilliyi uğrunda həyatlarını qurban vermiş vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
ADNA-nın rektoru, Milli Elmlər Akademiyanın müxbir üzvü, professor Siyavuş Qarayev çıxış edərək dedi ki, 1990-ci il yanvar hadisələri zamanı həlak olanların, o cümlədən ADNA –nın şəhid tələbələrinin xatirəsini yad etmək üçün hər il tədbirlər keçirilir. ADNA-nın tələbələri Rəhim Babayev, Canpolad Orucov, Ağabəy Novruzəliyev gənc olmalarına baxmayaraq, şüurlu surətdə ölümə getməklə Bakıya qoşun yeridilməsinə, imperiyanın ikili standart siyasətinə, Azərbaycanın o dövrdəki rəhbərliyinin siyasətinə qarşı çıxdılar. O zamankı hakimiyyətin Ermənistanın silahlı təcavüzünə cavab vermək iqtidarında olmamasından daha da həyasızlaşan düşmənlərimiz Ermənistanda yaşayan bütün soydaşlarımızı dədə-baba yurdlarından qovduqdan sonra, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan məntəqələri də zəbt etməyə başladılar.
Rektor vurğuladı ki, xalqımız yanvar hadisələrində ağır itkilər versə də, öz ləyaqətini qoruyub saxladı və sübut etdi ki, onun azadlıq arzusunu söndürmək, iradəsini qırmaq mümkün deyildir.
Azərbaycanın cəsur övladlarının o vaxt təhsil aldıqları fakültələrin dekanları çıxış edərək, keçmiş tələbələri barədə xatirələrini danışdılar və dedilər ki, onlar təhsil aldıqları qısa müddətdə nümunəvi tələbə kimi yaddaşlarda qalmışlar.
Şəhidlərin valideynləri onların ailələrinə daim qayğı göstərildiyinə və övladlarının xatirəsi yad edildiyinə görə akademiyanın rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Mərasimin sonunda şəhidlərin ruhuna ehsan verildi.