ELM VƏ TƏHSİL
NEFT AKADEMİYASI TƏLƏBƏLƏRİNİN ELMİ-TEXNİKİ KONFRANSI
Noyabrın 21-də Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) tələbələrinin Milli dirçəliş gününə həsr edilmiş 51-ci elmi-texniki konfransı öz işinə başlamışdır.
ADNA-nın rektoru, MEA-nın müxbir üzvü Siyavuş Qarayev konfransı açaraq, Azərbaycan Prezidenti Heydər Əliyevin ölkəmizdə elmin və təhsilin inkişafına qayğısından danışmışdır. O bildirmişdir ki, ötən illər ərzində ADNA-da müxtəlif konfranslar, təqdimat mərasimləri, digər tədbirlər keçirilmişdir. İndiki konfransdan başlıca məqsəd tələbələri elmi fəaliyyətə cəlb etməkdir.
Təhsil nazirinin müavini İradə Hüseynova tələbələri öz təhsilləri və fəal ictimai mövqeləri ilə Azərbaycanın müstəqilliyini möhkəmlətməyə, Vətənin müdafiəsinə daim hazır olmağa çağırmışdır.
ADNA-nın prorektoru, professor Ramiz Hümbətov xatırlatmışdır ki, vaxtilə tələbə elmi konfranslarında iştirak etmiş bir çox məzunlar sonralar məşhur alim kimi yetişmişlər.
Konfransda bildirilmişdir ki, “Emerson proses menecment”, “Şlümberger”, “Landmark”, “Simens” və digər şirkətlər ən yaxşı məruzələr üçün prizlər və pul mükafatları təsis etmişlər.
Bir həftə davam edəcək konfrans zamanı 9 bölmə iclaslarında 400 məruzə dinləniləcəkdir.