İQTİSADİYYAT
“NETTY 2015” Milli internet-mükafatının keçirilməsi ilə bağlı hazırlıq işlərinə başlanılıb
Bakı, 2 mart, AZƏRTAC
11-ci “NETTY2015” Azərbaycan Milli internet mükafatının keçirilməsi ilə bağlı hazırlıq işlərinə başlanılıb. Müsabiqədə iştirak üçün ərizələrin qəbulu www.netty.az saytında həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, “NETTY2015” Azərbaycan Milli internet mükafatının şərtlərinə uyğun olaraq müsabiqə üzrə sayt-iştirakçıların qeydiyyatı ilə bağlı ərizələrin qəbulu aprelin 24-dək davam edəcək.
“NETTY” Akademiyası, Azərbaycanın ictimai, dövlət və biznes-strukturlarında çalışan nüfuzlu şəxslərlə təmsil olunur. Ənənəvi olaraq keçirilən müsabiqə çərçivəsində müxtəlif nominasiyalar üzrə Azərbaycanda ən yaxşı saytların adları çəkiləcək.
Qeyd edək ki, “NETTY” Azərbaycan Milli internet mükafatı 2004-cü ildə təsis edilib. “NETTY” Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə informasiya texnologiyaları bazarının inkişafı məqsədilə yaradılmış İT sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.