DÜNYA


NHK telekanalı: Tokio Assambleyasına seçkilərdə qubernatorun partiyası irəlidədir

Tokio, 2 iyul, AZƏRTAC 

Tokioda paytaxt assambleyasına keçirilən deputat seçkiləri başa çatıb.

Yerli vaxtla səhər saat 7:00-da açılan seçki məntəqələri axşam saat 20:00-da bağlanıb. Tokio Assambleyasındakı 127 yer uğrunda ümumilikdə 254 namizəd mübarizə aparıb.

Yaponiyanın siyasi partiyaları bu seçkiləri ümumi seçkilər üçün mühüm mərhələ hesab edirlər. NHK telekanalının proqnozlarına görə, Tokio qubernatoru Yuriko Koikenin rəhbərlik etdiyi “Prefektura sakinləri hər şeydən üstündür” Partiyasının üzvləri və onu dəstəkləyənlər assambleyada üstünlüyü əldə edə biliblər.

Həmin proqnoza əsasən, “Prefektura sakinləri hər şeydən üstündür” Partiyası Tokio assambleyasında ən böyük partiya olacaq.

Seçki ərəfəsində ən çox müzakirə olunan məsələlərdən biri Tokioda yerləşən tarixi Tsukuzi balıq bazarının köçürülməsi ilə əlaqədar idi. Ötən il paytaxtın yeni qubernatoru Yuriko Koike təhlükəsizliklə əlaqədar həmin bazarın başqa rayona köçürülməsinin qarşısını alıb. Lakin bu yaxınlarda o, əvvəlki bazar yenidən qurulanadək onun yeni yerə köçürülməsinə razılıq verib.

Seçki kampaniyası zamanı diqqət yönələn ikinci vacib məsələ 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq olub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.