MƏDƏNİYYƏT
N.Qafarova: "Qəbələ VII Beynəlxalq Musiqi Festivalı rayona minlərlə yerli və xarici turisti cəlb etdi"
Qəbələ, 3 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Dünyanın 12 ölkəsindən tanınmış musiqi xadimlərinin iştirakı ilə 7 gün davam edən Qəbələ VII Beynəlxalq Musiqi Festivalı ölkəmizin bir daha dünyada tanıdılmasına xidmət etdi.
Bu musiqi bayramını izləmək üçün həm ölkəmizin bütün bölgələrindən, həm də xaricdən insanlar Qəbələyə axışıblar. Klassik musiqi əsərlərini mükəmməl ifada canlı dinləmək imkanı əldə edən tamaşaçılar artıq indidən növbəti festivalı səbirsizliklə gözlədiklərini dilə gətirirlər.
Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova AZƏRTAC-a müsahibəsində bildirib ki, bu festival ölkəmizdə əsil musiqi bayramına, Qəbələ isə bir neçə gün ərzində dünyanın musiqi paytaxtına çevrildi. Azərbaycan mədəni həyatının ən önəmli hadisələrindən biri olan bu festival zəngin proqramı və dəyərli qonaqları ilə yadda qaldı. Bu festival həmçinin, Qəbələnin turizm potensialının, regionda gedən inkişafın nümayiş etdirilməsi və ən nəhayət zəngin ənənələrə malik Azərbaycan musiqisinin beynəlxalq səviyyədə təbliğ olunması baxımından unikal tədbir olduğunu bir daha nümayiş etdirdi. Avropanın və dünyanın ən məşhur musiqiçilərinin ifaları Qəbələnin ecazkar təbiəti ilə ahəng təşkil etdi.
Şöbə müdiri gözəl bir musiqi bayramına çevrilən festival günlərində Qəbələdə böyük izdiham yaşandığını, xüsusi abu-havanın hökm sürdüyünü qeyd edib. Dünyanın məşhur musiqiçiləri Qəbələyə gələrək yerli və xarici tamaşaçılara unudulmaz xoş anlar yaşadıblar. Hər gün kamera musiqisi zalında və açıq səma altında təşkil olunan 3 konsert böyük tamaşaçı marağına səbəb olub.
Nargilə Qafarova festival günlərində Qəbələyə 3 mindən çox yerli və xarici turistin üz tutmasını bu layihənin böyük əhəmiyyətə malik olması ilə əlaqələndirib. Bu günlərdə rayona gələn turistlərin böyük bir qismi festivala görə Qəbələyə gəldiklərini bildiriblər: "Qəbələdə bu gözəl təbiət qoynunda istirahət edən yerli və xarici turistlər hər axşam festivalın konsertlərində iştirak edərək dünya musiqisi incilərini dinləyirdilər. Böyük Qafqaz dağlarının ətəyində yerləşən Qəbələnin gözəl havası, təbiəti, sıx meşələri, sərin bulaqları, beşulduzlu otellərdə yüksək səviyyəli xidmətlər turistləri valeh edib. Çox sevindirici haldır ki, bu festivala insanlar tam könüllü olaraq gəlirdilər. Açıq havada bir-birindən gözəl ifaları eşidən tamaşaçılar son ana qədər bu konsertlərdən ayrılmırdılar. Bura gələn xarici qonaqlar ölkəmizin sürətli inkişafı, xalqımızın adət-ənənələri və mədəniyyəti ilə, milli musiqimizlə, muğam və bəstəkar əsərləri ilə yaxından tanış olurdular. Buranın havası, təbiəti və yüksək səviyyəli xidmətlər turistləri valeh edirdi",- deyə şöbə müdiri vurğulayıb.
Nargilə Qafarova bildirib ki, görülən işlərdə əsas məqsədin turizm, mədəniyyət və idman sahəsində Qəbələni dünyaya daha da tanıtmaqdı. Qəbələdə hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il, eləcə də Novruz və Ramazan bayramları, 8 mart-Beynəlxalq Qadınlar günü münasibətilə turistlər üçün xüsusi bayram layihələri həyata keçirilir. Rayona turistlərin cəlb edilməsi üçün beynəlxalq musiqi festivalı ilə yanaşı, hər il Qəbələdə mürəbbə bayramı, rəsm sərgisi və beynəlxalq idman yarışlarının keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Qəbələ şəhəri hazırda 3 mühüm tədbirə-Stend və Güllə Atıcılığı üzrə Dünya Kuboku yarışları, Koreya Kinosu Festivalı və Beynəlxalq Mürəbbə Festivalına hazırlaşır. Qəbələ artıq festivallar və idman yarışlarının mərkəzinə çevrilib. Bu ənənənin davam etdirilməsi onu deməyə əsas verir ki, Qəbələ rayonu yaxın gələcəkdə dünyanın ən məşhur turizm mərkəzlərindən birinə çevriləcək".