DÜNYA
NÜVƏ SİLAHI PROBLEMİ ZƏMANƏMİZİN ƏN MÜHÜM PROBLEMLƏRİNDƏN BİRİDİR
Martın 12-13-də Tbilisinin “Şeraton-Metexi-palas” mehmanxanasında nüvə silahının istehsalı üçün zəruri komponentlərin ixracına nəzarətin hüquqi məsələlərinə dair beynəlxalq konfrans keçirilmişdir.
Konfransın işində Gürcüstan, Azərbaycan, Ukrayna və ABŞ-ın yüksək vəzifəli rəsmi şəxsləri, Beynəlxalq Atom Enerjisi Agentliyinin və qeyri-hökumət qurumlrarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə nüvə silahının istehsalı üçün komponentlərin, aparat və texnologiyaların Qafqaz regionuna və bu region vasitəsilə digər ölkələrə ixracı məsələləri müzakirə olunmuşdur.
ABŞ Energetika Nazirliyinin nümayəndəsi Adam Şeynman, bu ölkənin Gürcüstandakı müvəqqəti işlər vəkili Filip Remler ötən ilin sentyabrında Nyu-Yorkda və Vaşinqtonda baş vermiş terror aktlarından sonra nüvə silahının yayılması ilə bağlı regional problemlər barədə ABŞ hökumətinin mövqeyini açıqladılar, nüvə silahının yayılmaması sahəsində regional hüquq-mühafizə təşkilatları ilə əməkdaşlığa Amerikanın xüsusi maraq göstərdiyini bildirdilər.
Gürcüstan Sərəhd Departamentinitn rəisi general-leytenant Valeri Çxeidze nüvə komponentlərinin öz ölkəsinin ərazisi ilə tranzitinin qarşısını almaq üçün görülən tədbirlərdən, qeyri-leqal materialların ələ keçirilməsində hüquq-mühafizə orqanlarının imkanlarından danışdı.
Azərbaycan Sərhəd Qoşunlarının komandanı general-mayor Elçin Quliyev öz çıxışında terrorizmlə mübarizə, nüvə silahının istehsalında işlədilən materialların və komponentlərin ölkəmizə gətirilməsinə yol verilməməsi sahəsində ən yüksək səviyyələrdə görülən və Prezident Heydər Əliyevin daim nəzarəti altında olan tədbirlərdən söhbət açdı, konfrans iştirakçılarının diqqətini bu material və komponentlərin müxtəlif dövlətlərdən ixracına müvafiq regional təşkilatlar tərəfindən nəzarətin üsullarına və onların təkmilləşdirilməsi məsələsinə cəlb etdi.
E. Quliyev Azərbaycan-Gürcüstan sərhədində vəziyyətdən də danışaraq bildirdi ki, dost olan ölkələrimizin sərhədiçiləri arasında heç bir ciddi problem yoxdur və ortaya çıxan hər bir məsələ dərhal qarşılıqlı anlaşma şəraitində aradan qaldırılır, ona görə də buradan nə nüvə silahlarının, nə də nüvə komponentləri və texnologiyalarının keçirilməsi mümkün deyildir.
Konfransın sonuncu günü təftişlər, təhqiqatlar və təlim keçirilməsi üçün texniki ekspertlər hazırlanması, nüvə silahı komponentləri və texnologiyalarının ixracına nəzarətdə müvafiq qurumların imkanlarının əlaqələndirilməsi və həmsərhəd dövlətlər arasında bu sahədə əməkdaşlıq mövzusunda ekspertlərin iştirakı ilə “dəyirmi masa” təşkil edildi və tədbirə yekun vuruldu.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi