DÜNYA
NYU-CERSİ ŞTATINDA NOVRUZ ŞƏNLİYİ
ABŞ-da yaşayan həmvətənlərimiz Novruz bayramını böyük şənliklə qeyd etmişlər. Amerikanın Azərbaycan Cəmiyyəti tərəfindən Nyu-Cersi ştatında təşkil olunan bayram şənliyinə Nyu-York, Virciniya, Merilənd, Pensilvaniya, Massaçusets və digər ştatlarda yaşayan 200-dək azərbaycanlı yığışmışdı. Həmvətənlərimizə bayram təbriklərini çatdırmaq üçün Türkiyənin Nyu-York şəhərindəki konsulu Məhmət Nuri Əzən, Azərbaycanın Vaşinqtondakı konsulu Hüseyn Hüseynov, ölkəmizin BMT yanındakı daimi nümayəndəliyinin və Vaşinqtondakı səfirliyinin əməkdaşları, türk, yəhudi və özbək icmalarının nümayəndələri də gəlmişdilər.
Amerikanın Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi, dərin tarixi köklərə malik Novruz bayramı, onun atributları, xalqımızın bayramla bağlı adət-ənənələri haqqında danışdı. Bu məlumat amerikalı qonaqlar tərəfindən xüsusi maraqla qarşılandı.
ABŞ-da təhsil alan azərbaycanlı tələbələr bayram şənliklərinin qəhrəmanları Kosa və Keçəlin sərgüzəştləri haqqında kiçik tamaşa göstərdilər. Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayevin şənlik iştirakçılarına göndərdiyi bayram təbriki oxundu.
Ölkəmizin ABŞ-da təbliğində xüsusi fəallıq göstərən üç azərbaycanlı gənc - Sirac Mahmudov, Taleh Ziyadov və Zaur Məmmədov Amerikanın Azərbaycan Cəmiyyətinin fəxri diplomları ilə təltif olundular.
Mərasim qonaqların şərəfinə verilən ziyafət və konsert proqramı ilə başa çatdı.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-Cersi