MƏDƏNİYYƏT
“Nabat” filmi kinoteatrlar şəbəkəsində nümayiş olunacaq
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 26-da “Park Cinema” kinoteatrlar şəbəkəsində “Nabat” filmi nümayiş etdiriləcək.
“Park Cinema”dan AZƏRTAC-a bildiriblər ki, film doğma diyarını tərk etmək istəməyən, sağ qalmağa və Qarabağ müharibəsinin onların kəndinə dağıdıcı təsirinə tab gətirməyə çalışan qoca cütlük haqqındadır. Dünya kino tənqidçilərinin hörmətini qazanan bu dram 11 beynəlxalq kinofestivalda heyranlıqla qarşılanıb. “Nabat” filmi 71-ci Venesiya kinofestivalı, Milan kinofestivalı, 50-ci Beynəlxalq Çikaqo kinofestivalında nümayiş olunub, həmçinin bu il Amerika “Oskar” kinoakademiyasının mükafatı uğrunda müsabiqədə iştirak edib. Almaniyanın Manheym, Heydelberq şəhərlərində keçirilən 63-cü Beynəlxalq kinofestivalda film əsas mükafat – Beynəlxalq Tənqidçilər mükafatı, Ekumenik jürinin mükafatına layiq görülüb.
“Nabat” bədii filmi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
Filmin ssenari müəllifləri Elxan Nəbiyev, Elçin Musaoğlu, quruluşçu operatoru Abdulrəhim Beşarat, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov, Fərhad İsrafilov, Rəhilə Məmmədova, Rövşən Ağayev, Həsənağa Səfərov çəkiliblər.