REGİONLAR
Nabran çimərliklərində dəniz suyunun tərkibi yoxlanılıb
Xaçmaz, 27 may, Elxan Yusifli, AZƏRTAC
Nabran istirahət zonasında çimərlik mövsümünün başlanması ilə əlaqədar son hazırlıq işləri görülür. İstirahət mərkəzlərinin sahibləri obyektlərində şəraitin yaxşılaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün çalışdığı bir vaxtda, əlaqədar qurumlar da dəniz suyunun tərkibinin müayinəsini həyata keçirir.
AZƏRTAC xəbər verir ki, Xaçmaz Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən Xəzər dənizinin Xaçmaz rayonu ərazisindəki beş müxtəlif çimərlikdən su nümunələri götürülərək, müayinə üçün laboratoriyaya göndərilib. Bu çimərliklərin əksəriyyəti yay mövsümündə turistlərin daha çox üz tutduğu Nabran istirahət zonasındadır.
Xaçmaz Taun Əleyhinə Şöbənin həkim-mikrobioloqu Vaqif Bəybalayev AZƏRTAC-a müsahibəsində bildirib ki, laboratoriyada aparılan müayinələr zamanı suyun bakterioloji tərkibi öyrənilib. Dəniz suyundan götürülən nümunələrdə insan orqanizminə mənfi təsir edəcək səviyyədə bağırsaq çöplərinə rast gəlinməyib. Bu da turistlərə çimərliklərdə təhlükəsiz şəraitdə istirahət etməyə imkan verir.
İl ərzində yoxlamalar artıq 3 dəfə aparılıb. Dəniz suyunun müayinəsi çimərlik mövsümü boyunca, ay ərzində iki dəfə olmaqla,
oktyabradək davam etdiriləcək.