ELM VƏ TƏHSİL
Naftalan-Goranboy arxeoloji ekspedisiyası mühüm nəticələr əldə edib
Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyası Goranboy rayonu ərazisində arxeoloji tədqiqatları davam etdirir.
Xəbər verdiyimiz kimi, tədqiqatlar Goranboy Ağcakənd yolunun sol tərəfində, yolun 50-60 metrliyindəki kurqanda aparılır. Kurqanın ətrafı iki metr enində daş düzümü - kromlexlə əhatələnib. Kurqanaltı kamera sərdabə tiplidir.
İnstitutun aparıcı elmi işçisi, Naftalan-Goranboy arxeoloji ekspedisiyasının rəhbəri Müzəffər Hüseynov AZƏRTAC-a bildirib ki, Goranboy rayonu ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı mühüm nəticələr əldə olunub.
Şərq-qərb istiqamətində qurulan qəbir kamerası təmizlənərkən son tunc-ilk dəmir dövrünə aid saxsı qablar, metal məmulatı və bəzək əşyaları aşkarlanıb. Sərdabədən üzərində insan təsviri olan bir ədəd və üzərində at təsviri olan iki ədəd medalyon, dörd ədəd tunc asma, 10 ədəd tunc muncuq, 12 ədəd tunc pilək, bir ədəd iri həcmli tunc düymə, 200-dən artıq əqiq və pastadan hazırlanan muncuq, bir ədəd qanadlı ox ucluğu və çoxlu sayda saxsı qab nümunələri tapılıb.
Qeyd edək ki, kurqanda aparılan arxeoloji tədqiqatlar Azərbaycanın son tunc-ilk dəmir dövrü mədəniyyətinin öyrənilməsi baxımından böyük elmi əhəmiyyətə malikdir.