REGİONLAR


Naftalan - İtirilmiş sağlamlığın və ümidin yenidən özünə qayıtdığı məkan [FOTOREPORTAJ]

A+ A

Naftalan, 15 iyul, Rauf Hacıyev, AZƏRTAC

Qızmar yayın gəlişi ilə bir çoxumuz istirahəti harada və necə keçirəcəyimiz barədə düşünürük. Sağlamlığında müəyyən problemləri olan insanlar isə bu cür seçim etməkdə çətinlik çəkirlər.

AZƏRTAC xəbər verir ki, belə olan halda hər kəsin tərəddüd etmədən mənalı və yaddaqalan istirahəti üçün qərar verə biləcəyi ən münasib məkan Naftalandır.

Naftalan neftinin hikməti hələ qədim dövrlərdən hamıya məlumdur. Məhz bu nadir müalicəvi xassəli neft Naftalan şəhərini nəinki ölkəmizdə, eləcə də yaxın və uzaq diyarlarda məşhurlaşdırıb. Hələ sovet dövründə Naftalanın min bir dərdə çarə olan müalicəvi əhəmiyyətli palçıq-neft vannaları, sanatoriyaları şəhərə ümumittifaq miqyasında geniş şöhrət qazandırmışdı.

Son illərdə Naftalan şəhərinin əvvəlki turizm imkanlarının bərpası istiqamətində böyük işlər görülüb. Qısa bir zamanda bərpa olunan, yaxud yenidən tikilən bir-birindən yaraşıqlı otellər, kurort-sanatoriya mərkəzləri bu kiçik şəhəri nəinki Azərbaycanın, eləcə də dünyanın turizm mərkəzlərindən birinə çevirib.

Yaradılan turizm məkanlarında həm də müasir əyləncə mərkəzləri fəaliyyət göstərir. Turistlərin mənalı istirahəti üçün ekskursiyalar və konsert proqramları təşkil olunur. Görülən işlərin nəticəsidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin altı ayında şəhərə gələn turistlərin sayı da 15 faiz artaraq 7000 nəfərə çatıb.

Lakin şübhəsiz ki, Naftalana dünya şöhrəti qazandıran onun möcüzəvi müalicəvi əhəmiyyətə malik palçıq-neft vannalarıdır. Hazırda Naftalanda 2100 qonağı qarşılaya, onlara yüksək səviyyədə xidmət göstərə biləcək 10 turizm, kurort-sanatoriya mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə qonaq olanlar yalnız istirahət etmirlər, onlar həm də burada quraşdırılan ən müasir tibbi avadanlıqlar vasitəsilə yüksəkixtisaslı həkimlərin nəzarəti altında müayinələrdən keçir və müalicə alırlar. Prosedurlar davam etdikcə insanlar həm əvvəlki sağlamlıqlarına qovuşurlar, həm də onlarda Naftalan neftinin şəfavermə gücünə inam artır.

Naftalandakı istirahət-sağlamlıq mərkəzlərini gəzdikcə insanın ən çox diqqətini buraya müxtəlif ölkələrdən təkrar müalicə üçün gələn qonaqların çoxluğu cəlb edir. Turizm, kurort-sanatoriya mərkəzlərinin qarşısında artıq istirahətini bitirib vətənlərinə qayıtmağa hazırlaşan əcnəbiləri də görmək mümkündür. Naftalan onlar üçün yalnız istirahət məkanı deyil, bərpa olunan sağlamlıqları ilə bərabər itirilmiş ümidlərinin də yenidən özlərinə qaytarıldığı doğma və əziz şəhərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.