REGİONLAR


Naftalan neftindən dərman istehsal edəcək müəssisənin yaradılmasına ehtiyac var

A+ A

Naftalan, 29 iyul, AZƏRTAC

Bir ölkə üçün yeraltı və yerüstü sərvətlərə sahib olmaq təbiətin səxavətidirsə, həmin ehtiyatlardan düzgün faydalanmaq və onları elmi əsaslarla mənfəətə çevirə bilmək bazar iqtisadiyyatının ən vacib şərtlərindəndir.

Prezident İlham Əliyev də Nazirlər Kabinetinin son iclasında ölkəyə valyuta daxilolmalarını artırmaq və iqtisadiyyatın sənaye potensialının gücləndirilməsi üçün yeni dərman preparatları istehsal edəcək müəssisələrin qurulmasının vacibliyini qeyd edib.

AZƏRTAC xəbər verir ki, bu baxımdan Azərbaycanın əvəzsiz sərvəti olan müalicəvi Naftalan nefti ölkəmizə böyük məbləğdə valyuta axını üçün əsas ola bilər.

Mütəxəssislər deyirlər ki, Naftalan neftindən 70-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Dünyada onun əvəzi yoxdur. Xüsusən oynaq, nevroloji, damar, uroloji, ginikoloji və dəri xəstəliklərinin müalicəsində böyük faydası var.

Haqqında əfsanələr, rəvayətlər danışılan Naftalan neftinin müalicəvi əhəmiyyəti hələ neçə yüz illər bundan əvvəl insanlara məlum olub. Ona görə də bu əvəzsiz sərvəti tuluqlarda karvan yolu ilə uzaq Asiya ölkələrinə, xüsusilə də Ərəbistana daşıyıblar.

"Naftalan" (neft alan) sözünün etimologiyası da, çox güman, elə bu ərazidən daşınan neftlə əlaqədar olub. Naftalan neftindən müalicə məqsədilə istifadə olunmasına dair ilk yazılı məlumat XII əsrə aiddir. Bu ərazidə neft quyularının texniki istismarına isə XIX əsrin 70-ci illərindən başlanılıb.

1892-ci ildə alman mühəndisi Y.Eger Naftalana gələrək ilk dəfə neft çıxarmaq üçün quyular qazdırıb. O, hətta bu neftdən maz almaq üçün kiçik zavod da tikdirib. Həmin zavodda "Naftalan" və "Kojelon" adlı dərman preparatları hazırlanıb, Almaniyanın vasitəçiliyi ilə Yaponiyaya, Amerikaya, İngiltərəyə, Hollandiyaya və başqa ölkələrə satılıb. Həmin illərdə Almaniyada Naftalan nefti ilə bağlı iki səhmdar cəmiyyət də fəaliyyət göstərib ki, onlar da bu möcüzəli neftdən müxtəlif dərmanlar hazırlayıblar.

Bu dəyərli sərvətə dərindən bələd olan məşhur alman alimi P.Unna 1903-cü ildə deyib: "Kim Naftalana malikdirsə, onun hər şeyi var". Tarixi faktlardan o da məlumdur ki, 1904-1905-ci illərdə rus-yapon müharibəsi zamanı əsir düşən yapon əsgərlərinin təcili yardım çantalarında Naftalan mazı ilə dolu bankalar tapılıb.

Ötən əsrin əvvəllərində ölkəmizdə neft sənayesinin inkişafı ilə əlaqədar Naftalan neftinin də qazma üsulla çıxarılmasına başlanılıb. 1928-ci ildən etibarən Naftalan neftinin müalicəvi əhəmiyyətini öyrənmək üçün tədqiqat işləri aparılıb. XX əsrin 30-cu illərində Naftalan kurortu yaradılıb. 1938-ci ildə Naftalan eksperimental laboratoriyası qurulub və neftin bioloji, müalicəvi təsiri sistemli şəkildə öyrənilməyə başlanılıb. Naftalan neftinin tərkibinin tədqiqində akademik Yusif Məmmədəliyevin, professorlar Tağı Paşayevin, Sarı Səmədovun, Sima Quliyevanın və tibb elmlər doktoru Tanrıverdi Hüseynovun böyük xidmətləri olub.

Naftalan kurortu ümummilli lider Heydər Əliyevin qayğısı və köməyi ilə ötən əsrin 70-ci illərində sürətlə inkişaf etməyə başlayıb. Sonrakı illərdə burada bir-birindən möhtəşəm kurort-sanatoriya mərkəzləri tikilib istifadəyə verilib. İşin düzgün təşkili nəticəsində Naftalan ümumittifaq miqyasında turizm, kurort-sanatoriya mərkəzi kimi geniş şöhrət qazanıb. Şəhərə gələn minlərlə turist, səhhətində müəyyən problemlər olan ümidsiz insanlar burada sağlamlıqlarına qovuşduqca, onların həm müalicəvi neftin möcüzəsinə inamı artıb, həm də Naftalanın adı dünyaya yayılıb.

Son dövrlərdə əvvəlki şöhrətini yenidən qaytaran Naftalan nəinki ölkədə, eləcə də beynəlxalq miqyasda tanınan müasir kurort-sanatoriya mərkəzinə çevrilməkdədir. Burada tikilən bir-birindən yaraşıqlı otellər, kurort-sanatoriya, istirahət-sağlamlıq mərkəzləri, yaradılan müasir infrastruktur şəhərə böyük uğur və mənfəət gətirir.

Araşdırmalar və mütəxəssis rəyləri göstərir ki, ərazidə Naftalan neftindən müxtəlif xəstəliklərin müalicəsində istifadə oluna biləcək dərman istehsal edən müəssisəsinin yaradılmasına ehtiyac var. Belə bir müəssisə həm Naftalanın sənaye istiqaməti üzrə inkişafına təkan verər, həm də ölkəyə böyük məbləğdə gəlir gətirərək, şəhərin dünya miqyasında tanınmasına kömək göstərər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.