REGİONLAR
Naftalan: pulsuz tibbi müayinələrin yüksək səviyyədə təşkili üçün xəstəxanalarda lazımi şərait yaradılıb
Naftalan, 15 fevral, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, fevralın 15-dən etibarən respublika ərazisində olduğu kimi, Naftalanda da əhalinin pulsuz tibbi müayinəsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün xəstəxana lazımi avadanlıqlarla tam təchiz olunub, vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılıb.
Müayinənin ilk günündə qrafikə uyğun tibbi müayinə təşkil edilib. Xəstəxanaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmək məqsədilə həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Tibbi müayinənin davam etdiyi müddətdə rentgen, elektrokardioqrafiya, ultrasəs, stomatoloji və digər müayinə kabinetləri əhaliyə pulsuz tibbi xidmət göstərəcək. Müayinələr əsasən terapevt, stomatoloq, kardioloq, ginekoloq həkimlər tərəfindən həyata keçirilir. Bundan başqa, diabet xəstələr üçün qan təhlili müayinələri də aparılır.
Aksiyanın ilk günündə 212 nəfər rayon sakini tibbi müayinədən keçib.